Noyabrın 26-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkilatçılığı ilə “Uyğun qiymətə mənzil bazarında əməkdaşlıq imkanları” mövzusunda tədbir keçirilib. FED.az xəbər verir ki, tədbirdə 40-dan çox yerli və xarici şirkətin nümayəndəsi iştirak edib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda tikintiyə icazə almaq asanlaşacaq - YENİLİK
Tədbirdə çıxış edən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Allahverdi Paşayev Azərbaycan Prezidentinin təsdiqlədiyi «Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi»nin Tədbirlər Planında nəzərdə tutulan tapşırıqların icrası üçün AİŞ və MİDA tərəfindən görülən işlər barədə məlumat verib.
Mənzil İnşaatı Dövlət Agentliyi Aparatının rəhbəri Çingiz Qədimov Agentliyin fəaliyyəti, reallaşdırılan layihələr və Agentliyin fəaliyyət istiqamətlərindən danışıb, bu gün keçirilən tədbirin investorların dövlət-özəl sektor əməkdaşlığına cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) departament direktoru Mahmud Əliyevin Azərbaycanda biznes mühiti və investisiya imkanlarına, AİŞ-in icraçı direktorunun müavini Fuad Məhərrəmovun şirkətin payçı qismində iştirak etdiyi layihələrə, Mənzil İnşaatı Dövlət Agentliyinin şöbə müdiri Fərman Qurbanlının MİDA ilə özəl sektor arasında əməkdaşlığa dair təqdimatları dinlənilib.
Tədbir çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi Yasamal Yaşayış Kompleksi və növbəti layihəsi Hövsan Yaşayış Kompleksi barədə video-çarx nümayiş olunub. Bundan başqa, Yasamal Yaşayış Kompleksinin ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üçün Bakı Nəqliyyat Agentliyi ilə reallaşdırılan layihənin təqdimatı keçirilib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.