Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda deyilir.
Dövlət Proqramı “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərdən faydalanaraq, müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın Azərbaycanın ali təhsil müəssisələrində hazırlanması yolu ilə Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə hazırlanıb. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
Qeyd olunur ki, ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə, xüsusilə ötən əsrin sonlarından etibarən aktuallaşmış transmilli təhsil modelinin Azərbaycanda tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaratmalıdır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir.
Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycanda davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır. Belə ki, əcnəbi mütəxəssislərin yerli təhsilverənlərlə birgə davamlı fəaliyyətinin qurulması onların ölkəni tərk etdikdən sonra belə təhsil sisteminə töhfə vermələrini təmin etməli, nəticədə ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Azərbaycanın ali təhsil müəssisələrinin dünya miqyasında nüfuzu artdıqca, gələcəkdə onların müstəqil şəkildə əcnəbi tələbə və professor-müəllim heyətini cəlb etməsi imkanları genişlənməli, beynəlxalq reytinq cədvəllərində irəliləməli, ölkənin sürətli inkişaf tempinə uyğun mütəxəssis hazırlığı mümkün olmalıdır.
Bununla yanaşı, xaricdə dövlət hesabına təhsil sahəsində əldə edilmiş təcrübə əsasında yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə doktorantura səviyyəsi üzrə Azərbaycan vətəndaşlarının seçiminin təkmilləşdirilməsi, onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi və təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması tələb olunur. Bu istiqamətdə işəgötürənlərin, eləcə də elm və ali təhsil sahəsinin tələblərinin müəyyən edilməsi və müvafiq sahələrdə iş təcrübəsinə malik mütəxəssislərin ixtisaslarının artırılmasına dəstəyin göstərilməsi ilə qısa müddətdə müxtəlif sahələr üzrə Azərbaycanın ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislər yetişdirilməlidir.
Eyni zamanda, Proqram müştərək maliyyələşmə prinsipi əsasında mütəxəssislərin hazırlanmasında işəgötürənlərin iştirakı ilə nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq arzusunda olanlar üçün imkanların genişləndirilməsinə xidmət etməlidir. Doktorantura səviyyəsi üzrə kadr hazırlığının aparılacağı xarici ali təhsil müəssisələrinin dar ixtisaslaşmalar üzrə dünya reytinqlərinin nəzərə alınması müxtəlif sahələrdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının səmərəliliyini artırmalıdır.
Azərbaycanda təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiyası, qeyd olunan əsas məqsədlərin yerinə yetirilməsi beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində irəliləyişi təmin etməlidir.
Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması və onların icrasına dair monitorinqin nəticələrinə uyğun olaraq layihənin davam etdirilməsi, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması ilə Azərbaycanın ali təhsil müəssisələrində inzibati heyətin təlimi proqramlarının, elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər) heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarlarının hazırlanması;
- əmək bazarının tələbatı nəzərə alınmaqla, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində çalışacaq əcnəbi professor-müəllim heyətinin mühazirəyə cəlb ediləcəyi tədris fənlərinin siyahısının hazırlanması;
- beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin iştirakı ilə qrant əsaslı elmi-tədqiqat proqramlarının həyata keçirilməsi;
- xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsinin təmin olunması və digər tədbirlər.