“Səba” ASC barəsində protokol tərtib edilib.
FED.az biznes və maliyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Səba” ASC barəsində Dövlət Statistika Komitəsi İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi – statistik məlumatların verilməsi qaydalarının pozulması üzrə protokol tərtib edilib.
İş Şabran Rayon Məhkəməsinə göndərilib və işə baxan hakim Çingiz İsgəndərovdur.
İXM-in 389-cü maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.
Qeyd edək ki, şirkət 1997-ci ildən fəaliyyət göstərir. Aqrar şirkətin kurasiyasına “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Qarabağ Toxum” MMC də daxildir.