Xəbər verildiyi kimi, «Azsığorta» ASC sığorta şirkəti «Baku Bus» MMC-ni məhkəməyə verib.
FED.az-ın məlumatına görə, Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyeva tərəfindən araşdırılan iddiaya səbəb - şirkətlər arasında 2015-ci ildə baş vermiş qəzaya görə həll edilməyən ödəniş mübahisəsi olub.
Amma indi məlum olur ki, əslində «Azsığorta»nın tələb etdiyi bu ödəniş 6 il əvvəl həyata keçirilib. Sadəcə şirkət hansısa səbəbdən bundan xəbərsizdir və məhkəməyə müraciət edib.
Bu barədə FED.az-a «BakuBus» MMC-nin hüquq sektorunun müditi Rüstəm Cəfərov bildirib. Onun sözlərinə görə, «Azsığorta” ASC tərəfindən 28.02.2023-cü il tarixində qaldırılan iddia tamamilə əsassızdır.
«Belə ki, 22 iyun 2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azsığorta” ASC-nin ödədiyi 5860 (beş min səkkiz yüz altmış) manat sığorta ödənişini, subroqasiya qaydasında “BakuBus” MMC-dən tutulmasından ötrü Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
Biz, “BakuBus” MMC olaraq yuxarıda qeyd edilən məbləğin 860 (səkkiz yüz altmış) manatını 19.02.2016-cı il tarixində, 5000 (beş min) manatını isə 19.01.2017-ci il tarixində rəsmi qaydada “BakuBus” MMC-nin bank hesabından “Azsığorta” ASC-nin bank hesabına köçürmüşük»-deyə «BakuBus» MMC-nin nümaynədəsi bildirib.
«Görünür ki, “Azsığorta” ASC-də şöbələr arasında əlaqələr kifayət qədər yaxşı olmadığından və işə qeyri-peşəkar yanaşmaları nəticəsində 2017-ci ildə öhdəliyini tam şəkildə icra edilməsinə baxmayaraq, 2023-cü ildə eyni iş üzrə yenidən məhkəməyə müraciət edilib. Bununla bağlı “Azsığorta” ASC-yə məlumat verilib. Ümid edirik ki, ən qısa zaman ərzində əsassız iddialarını geri çəkmələri üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edərlər. Əks təqdirdə “BakuBus” MMC-nin iş güzar nüfuzuna xələl gətirdiklərinə görə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir»-deyə R.Cəfərov qeyd edib.