“Azərkontrakt” ASC-yə gömrük qaydaları əleyhinə olan (gömrük rəsmiləşdirilməsi qaydasının pozulması) inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə görə gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsis olmaqla, keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılıb.