“Araz Supermarket” MMC-yə gömrük qaydaları əleyhinə olan ( Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə görə bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
İş Abşeron Rayon məhkəməsində hakim Sevinc Quliyevanın icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 05.05.2023, saat 16:10-a təyin edilib.
Qeyd edək ki, "Araz Supermarket" daha öncə həmin məcəllənin 375.0-1-ci, 447.0.1-ci, 485.1-ci, 485.2-ci, 518.1-ci maddələri ilə məhkəməyə verilib.
Xatırladaq ki, "Araz Supermarket" MMC 06.01.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 7 055 020 manatdır. Qanuni təmsilçisi Rəşad İbrahimov Arif oğludur.
Hüquqi ünvanı Az1078, Bakı Şəhəri Nəsimi Rayonu, Mərdanov Qardaşları, ev 137-də yerləşir.