Türkdilli dövlətlərin arasında iqtisadi əlaqələrin artırılması üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin Birgə İnvestisiya Fondunun yaradılması gözlənilir.
FED.az xəbər verir ki, bu məsələni mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin İqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfransında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov qaldırıb.
Eləcə də bax: «Bütün sahələri investisiyalara açmalı, investorları inandırmalıyıq»
Toplantıda Mikayıl Cabbarov üzv ölkələrdə ticarət və investisiyalara mənfi təsirin aradan qaldırılması istiqamətində Türk Şurasının dövlət başçılarının keçirdiyi fövqəladə Sammit zamanı Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi və Birgə İnvestisiya Fondunun yaradılması məsələsini xatırladıb.
Nazir bildirib ki, belə bir fondun yaradılması qarşılıqlı investisiya imkanlarını artırmaqla ölkələrimizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların dəstəklənməsinə, son nəticədə ölkələrin iqtisadi və sosial inkişafına təkan verə bilər.
Nazir Bakı şəhərində yerləşməklə Birgə İnvestisiya Fondunun yaradılmasına Azərbaycan tərəfinin hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.