Azərbaycanın qiymətli kağızlar bazarında oyunçuların sayı artmaqdadır. Son bir ildə ölkədə 3 investisiya şirkəti Mərkəzi Bankdan lisenziya alaraq fəaliyyətə başlamaq imkanı qazanıb.
Bunlardan Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi “ABB İnvest” şirkəti kapital həcminə və təsisçinin imkanlarına görə ən güclüsüdür. Şirkət artıq ilk böyük əməliyyatını – korporativ istiqrazlar emissiyasını həyata keçirib.
“ABB İnvest”in direktoru Nadir Babazadə FED.az-a müsahibəsində şirkətin qarşıdakı planları və qiymətli kağızlar bazarındakı proseslərlə bağlı danışıb.
- Azərbaycan Beynəlxalq Bankının 100% törəmə şirkəti olan “ABB İnvest İnvestisiya Şirkəti” ötən il təsis edilib. Qısa müddətdə Mərkəzi Bankdan müvafiq lisenziyalar əldə edilib. Daha sonra şirkətimiz Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzinin (MDM) üzvlüyünə qəbul olunub. Artıq 2020-ci ilin sonundan etibarən aktiv fəaliyyətə başlamışıq. Bizim ilk emissiyamız isə bazarda artıq kifayət qədər fəal olan və indiyədək bir neçə istiqraz emissiyası etmiş “Embafinans” şirkətinin istiqrazları üzrədir. Şirkətin yeni istiqraz emissiyasını öz üzərimizə götürdük və uğurlu olacağına inanırıq.
- Bu “ABB İnvest”in təşkil etdiyi ilk istiqaz emissiyasıdır?
- Bəli. Artıq müştərilərdən kifayət qədər alış sifarişləri qəbul edilib. Ümumi həcmi 1,5 milyon manat, illik kupon dərəcəsi 10.5% olan istiqraz emissiyasına maraq kifayət qədər yüksəkdir. (Bakı Fond Birjasında 17 iyunda baş tutan yerləşdirmə zamanı “Embafinans”ın 1,5 milyon manatlıq istiqrazlarına 11 investor tərəfindən 2,2 milyon manatlıq sifariş daxil olub və qiymətli kağızlar tam həcmdə yerləşdirilib – FED.az)
- Nadir müəllim, daha hansı şirkətlərlə istiqraz və ya digər kağızların buraxılışları gözlənilir? Bununla bağlı hər hansı işlər və ya danışıqlar aparılırmı?
- Hazırda bu istiqamətdə 3 şirkətlə danışıqlar aparılır. Onlar istehsal sahəsində çalışan özəl şirkətlərdir.
Sadəcə hələ danışıqlar başa çatmadığına görə onların adlarını açıqlamaq doğru olmazdı. Şirkətlərin vəsait cəlb edilməsi istiqamətində ənənəvi bank kreditləri ilə yanaşı kapital bazarlarının alətlərinə maraq göstərmələri sevindirici haldır.
- “ABB İnvest” qiymətli kağızlar bazarına yenicə daxil olub. Bu sahədə artıq 10-a yaxın şirkət fəaliyyət göstərir. Hazırda Azərbaycanda qiymətli kağızlar bazarına maraq göstərən və səhm-istiqraz buraxılışı həyata keçirən şirkətlər isə elə də çox deyil. Yəni bazar bir qədər məhduddur. Siz bu bazardan pay əldə etmək və potensial müştəriləri cəlb etmək üçün hansı addımların atılmasını düşünürsünüz?
- İlk növbədə qeyd edim ki, Azərbaycanda investisiya şirkətlərinin sayının çox olmasını müsbət qiymətləndirirəm.
Çünki rəqabət inkişafı stimullaşdırır və şirkətləri xidmətlərin müxtəlifliyinə və keyfiyyətinə diqqət yetirməyə məcbur edir. Biz öz növbəmizdə əsasən xidmət keyfiyyətinə diqqət yetirməklə, müştərilərə daha yaxın və müştəri yönümlü olmaqla onları cəlb edəcəyimizi düşünürük. Kifayət qədər aktiv fəaliyyətə başlamışıq və bugünki istiqraz emissiyası da buna bir misaldır.
Biz cari və potensial müştərilərimizə ən optimal və əlverişli həll təqdim edərək əlavə dəyər yaratmağı planlaşdırırıq. İstiqraz emissiyası misalında bazara daxil olan potensial emitent bir neçə şirkətlə danışıqlar aparır və təkliflər əsasında seçimini edir. Burada qiymət yeganə faktor deyil. Şirkətin dayanıqlılığı da vacibdir. Məsələ bundadır ki, “ABB İnvest” Azərbaycanda ən etibarlı şirkətlərdəndir.
Bizim səhmdarımızın böyük və etibarlı Bank olması da əlavə etibar yaradır. Digər tərəfdən, peşəkar və bazarda kifayət qədər təcrübəyə malik komandaya sahibik.
- Hazırda hansı xidmətləri göstərirsiniz?
- Mərkəzi Bank tərəfindən təqdim olunmuş lisenziya əsasında əsas və yardımçı investisiya xidmətləri təklif edirik. Məsələn, bura yerli qiymətli kağızlar bazarı üzrə broker xidmətləri, korporativ müştərilər üçün öhdəlik götürməklə və götürməməklə səhm istiqraz emissiyası, investisiya məsləhətinin verilməsi və digər xidmətlər daxildir.
- “ABB İnvest” fiziki və hüquqi şəxslərə digər əməliyyatlar da təqdim edəcəkmi? Məsələn, Foreks əməliyyatları, dünya birjalarından səhm alqı-satqısı və s.?
- Bunlar mütləq şəkildə olacaq. Məsələn, marjinal ticarət üzrə xarici tərəfdaşlarla bağlayacağımız müqavilələr artıq son mərhələdədir. Bu xidmətlərin göstərilməsi istiqamətində texniki tamamlama işləri aparılır və yaxın 1-2 ay ərzində bu xidmətlərə də başlayacağıq. Yerli səhm və istiqrazlar üzrə ticarət artıq mümkündür. Biz bunu əsasən Bakı Fond Birjası üzərindən həyata keçiririk. Son illər müştərilərin xarici səhm bazarına olan marağını nəzərə alaraq bu istiqamətdə də danışıqlar aparırıq. Burada ABŞ və Avropa şirkətləri var. Danışıqlar tam başa çatdıqdan sonra bu barədə geniş açıqlama verəcəyik.
- Hazırda dünyada kriptovalyuta ilə bağlı əməliyyatlar sürətlə yayılır. Sizin bununla bağlı mövqeyiniz necədir – “ABB İnvest” müştərilərinə kriptovalyutalarla əməliyyat xidmətləri göstərəcəkmi?
-Kriptovalyuta üzrə ticarət kifayət qədər riskli əməliyyatlardır. Çünki kripto birjaları tənzimlənməyə tabe olmayan birjalardır. Onların kifayət qədər böyük riskləri və ondan yaranan problemləri var. Ona görə də kriptovalyuta üzrə ticarət edən investorları maksimal dərəcədə ehtiyatlı olmağa çağırardım.
Bizim məqsədimiz investorlara keyfiyyətli xidmət göstərməklə onların kapital bazarlarına olan inamını gücləndirməkdir. Ona görə də kriptovalyutalarla ticarət bizim üçün çox arxa plandadır.