Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapital artımının) repatriasiyasına məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Rezidentlər valyuta vəsaiti məbləğinin 30 faizinədək məbləğdə cərimə olacaq
Rezidentlər üçün isə xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin təqdim edilməməsinə görə cərimələr müəyyənləşir.
Layihəyə əsasən. "Valyuta tənzimi haqqında" qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud həmin qanuna əsasən xaricdən Azərbaycan Respublikasına qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görə fiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin beş faizindən on faizinədək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə olunacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.















