Maliyyə resurslarına çıxış Azərbaycan şirkətləri üçün başlıca maneələrdən biridir. Bunu “PricewaterhouseCoopers” (PwC) şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev deyib.
"Kapitala çıxış Azərbaycanda kiçik və orta müəssisələr üçün əsas maneələrdən biridir. Xarici banklar Azərbaycan şirkətlərini maliyyələşdirməyi o qədər də istəmir", - deyə o, “Vergilər” qəzetinə müsahibəsində bildirib.
M.Paşayevin sözlərinə görə, bunun bir neçə səbəbi var. "Bunlar Azərbaycan şirkətlərində korporativ idarəetmənin zəif, şəffaflığın səviyyəsinin aşağı olması, audit və hesabatlılıqla bağlı problemlərin mövudluğudur. Xüsusilə mühasibatlıq və audit sahəsində ciddi nöqsanlar var", - deyə o qeyd edib.
Şirkətin idarəedici tərəfdaşı hesab edir ki, bazar iştirakçıları yeni iqtisadi reallıqlara uyğunlaşmalıdır. "Şirkətlərin idarəçiliyi sahəsinin təkmilləşdirilməsinə zərurət var. Bütün bu problemlər həll olunarsa, kapitala çıxış da asanlaşacaq", - deyə M.Paşayev əlavə edib (İnterfaks-Azərbaycan).