"Türk Petrolleri A.O." (TPAO) xarici investisiyalarını azaltmağı qarşısına məqsəd qoyub. Bunu TPAO-nun baş direktoru Besim Şişman bildirib.
Onun sözlərinə görə, TPAO ölkə xaricində ən çox investisiya yatıran türk şirkətidir.
"Neftin sürətlə ucuzlaşması səbəbindən bütün şirkətlər kimi, biz də qənaət rejiminə keçdik. Düzdür, yatırımlarımız davamlıdır. Lakin əlavə layihələrə yatırdığımız investisiyaların həcmini azaltdıq. Ölkədaxili investisiyalarda azaltmadan söz gedə bilməz", - deyə B. Şişman qeyd edib.
Xarici investisiyalara toxunan baş direktor qeyd edib ki, Liviyada baş verən hadisələr səbəbindən şirkət bu ölkədəki layihələrin "üzərindən xətt çəkib": "Liviyada kiçik bir nümayəndəliyimiz var, onu da bağlamaq üzrəyik".
Onun sözlərinə görə, TPAO Azərbaycandakı layihələrə 10 mlrd. dollar həcmində investisiya yatırıb. "Bunlar ən gəlirli layihələrdir", - deyə baş direktor əlavə edib.
Şirkət rəhbəri onu da qeyd edib ki, neftin 1 barrelinin qiyməti 60 dolları keçərsə, bu, "hər kəsi rahatlaşdıracaq".
Qeyd edək ki, TPAO Azərbaycanı Gürcüstanla birləşdirən "Cənubi Qafqaz Boru Kəməri"nin 7 səhmdarından biridir. Türkiyə şirkəti layihədə 19%-lik paya malikdir. Bundan başqa, TPAO Azəri-Çıraq-Günəşli (AÇG) layihəsində 6,8%-ə, Bakı-Tbilisi-Ceyhan layihəsinin 6,53%-ə, "Şahdəniz" layihəsində 19% pay sahibidir.
Apa©