Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandan kənarda inşa etdiyi ilk neft emalı zavodu olan STAR NEZ (Neft Emalı Zavodu) ilə investisiya məbləğini artıraraq fəaliyyətini genişləndirir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə məlumatı Dövlət Neft şirkətinin (SOCAR) Türkiyədəki müəssisəsi SOCAR Türkiyənin son iki il üzrə keçirilən hesabat tədbirində deyilib.
Bildirilib ki, ümumilikdə 6.3 milyard dollar olan layihə investisiya dəyərinin 3.3 milyard dolları layihə maliyyələşdirmə krediti hesabına təmin edilib. Neft emalı zavodunun istismar çevikliyini, səmərəliliyini və logistika qabiliyyətini daha da inkişaf etdirmək üçün həyata keçirilən əlavə investisiyalarla birlikdə ümumi investisiya məbləğinin 7 milyard dollar olacağı gözlənilir.
Qeyd edək ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Bununla bağlı müqavilə 2013-cü il mayın 20-də imzalanıb.
Xatırladaq ki, dünyanın ən qədim neft istehsalçıları arasında yerləşən SOCAR 2008 - ci ildə Özəlləşdirmə İdarəsindən Petkimin alınması ilə Türkiyədə fəaliyyətə başlayıb. Bu günə qədər SOCAR Terminal, Petkim, STAR NEZ və TANAP daxil olmaqla investisiya xərcləri 16.5 milyard dolları keçib.