Almaniyanın “Siemens” şirkətinin rəhbəri Co Kezer Səudiyyə Ərəbistanında keçirilən investisiya üzrə beynəlxalq forumda iştirak etməkdən imtina etdiyi üçün 20 milyard dollar dəyərində müqavilənin imzalanması təxirə salınıb.
Fed.az-ın “Bloomberg” nəşrinə istinadən verdiyi məlumata görə, “Siemens” və Səudiyyə Ərəbistanı arasında müqavilənin bu həftə “Future Investment Initiative” forumu zamanı imzalanması nəzərdə tutulsa da, C. Kezer jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar forumda iştirakdan imtina edib.
“Bloomberg” müqavilənin Səudiyyə Ərəbistanında elektrik stansiyasının tikintisi ilə əlaqədar olduğunu yazıb. “Siemens” şirkəti və Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Mineral Resurslar Nazirliyi məsələ barədə şərh verməkdən imtina edib.
Qeyd edək ki, “Future Investment Initiative” forumu Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ben Salmanın təşəbbüsü ilə keçirilən ənənəvi illik beynəlxalq forumdur. Forum bu il ikinci dəfə Ər-Riyadda keçirilir. Ekspertlər bu forum “Səhrada Davos” da adlandırırlar. Ancaq bu il bir çox ölkələrin təmsilçiləri C. Qaşıqçı olayı ilə bağlı foruma qatılmayıb.