Robert Kiyosaki maliyyə bazarlarında dünya tarixinin ən böyük fəlakətini gözləyir. O, bazar böhranından sağ çıxmaq və kapitalı qorumaq üçün investorların hansı aktivləri almalı olduğunu açıqlayıb.
"250 min dollar investisiya yatırmışıq, indi dəyəri 23 milyon dollardır"
FED.az xəbər verir ki, bütün dünyada məşhur olan “Varlı ata, kasıb ata” kitabının müəllifi Robert Kiyosaki investorlara dünya tarixinin ən böyük maliyyə fəlakətinə hazır olmağı və investisiya portfellərini qızıl, gümüş, Bitcoin, daşınmaz əmlak və neft şirkətlərinin səhmlərinin xeyrinə dəyişməyi tövsiyə edib. O, bu barədə X (əvvəlki Twitter) sosial media platformasında yazıb.
Kiyosaki maliyyə ekspertlərinin sərmayə qoyulmuş vəsaitləri istiqrazlar və səhmlər arasında 60/40 nisbətində bölmək üçün adi tövsiyəsini xatırladıb. "2024-cü ildə 60/40 portfeli olan investorlar ən çox itirəcək" deyə xəbərdarlıq edərək, belə investorları "axmaqlar gəmisi"nin sərnişinlərinə bənzədib ("Axmaqlar gəmisi" tablosu Hieronymus Boschun ən məşhur əsərlərindən biridir. Parisdə Luvrda saxlanılır).
Kiyosaki investorlara bu “gəmi” ilə batmamaq üçün portfellərinin tərkibinə yenidən baxmağı təklif edib. Kiyosakinin fikrincə, müasir antiböhran portfelinin 75 faizi qızıl, gümüş və bitkoinlərdən, 25 faizi isə neft şirkətləri və daşınmaz əmlak səhmlərindən ibarət olmalıdır. "Belə bir quruluş sizə dünya tarixindəki ən böyük fəlakətdən sağ çıxmağa imkan verə bilər" deyə o yazıb.
Sentyabr ayında Robert Kiyosaki xəbərdarlıq etmişdi ki, Amerika səhm, istiqraz və daşınmaz əmlak bazarları çökə bilər və investorlar qızıl, gümüş və Bitcoin kimi hedcinq aktivlərinə investisiya qoymağa başlaya bilərlər. Onun sözlərinə görə, Amerika müflisdir və investorlar bazarlar çökməzdən əvvəl qoruyucu aktivlərə investisiya etməlidirlər. O, əvvəllər Amerikada inflyasiyanın sistemli problemə çevrildiyini və investorların bu problemdən qorunmaq üçün müəyyən real aktivləri almağa başlamalı olduğunu bildirmişdi.
2023-cü ilin martında Kiyosaki İsveçrənin Credit Suisse bankının Amerika bankları Silicon Valley Bank, Signature Bank və Silvergate Capital-dan sonra çökə biləcəyini proqnozlaşdırmışdı. "Mən Lehman Brothers-i illər əvvəl proqnozlaşdırmışdım və düşünürəm ki, istiqraz bazarı çökdüyü üçün növbəti bank Credit Suisse olacaq" dedi. Problemlər yaşayan Credit Suisse doğrudan da çökmüş və 2023-cü ilin martında İsveçrənin UBS bankı tərəfindən alınmışdı.