Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə investor vizasının alınması üçün yeni qaydalar təsdiq edilib.
FED.az xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Yeni şərtlərə əsasən, Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara ən azı 300 min ABŞ dolları məbləğində sərmayə qoyan xarici vətəndaşlar investor vizası üçün elektron ərizə təqdim edə biləcəklər. Bu "qızıl viza" sonradan Qazaxıstan Respublikasında 10 ilə qədər yaşamaq icazəsi almaq imkanı verir", - deyə məlumatda deyilir.
Nazirliyin fikrincə, “qızıl vizaların” verilməsi xarici investorlar üçün əlverişli və proqnozlaşdırıla bilən mühit yaradır, hüquqi təminat verir və Qazaxıstanın investisiya mühitinə inamı gücləndirir. (Apa)