2017-ci ildə Qazax rayonuna 43,8 milyon manat özəl sərmayə qoyulub.
FED.az xəbər verir ki, bunu Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.
Bildirib ki, rayonun Daş Salahlı kəndində “Mətanət A” şirkəti dəyəri 15 milyon manat təşkil edən, illik gücü 50 min ton olan əhəng zavodunun tikintisi başa çatdırıb:
HGC GROUP” MMC tərəfindən illik gücü 1 milyon ton sement və 825 min ton klinker olan istehsal müəssisəsi yaradılıb, “Saloğlu” mebel firması istehsalın genişləndirilməsinə 16 milyon manat vəsait yönəldib. Bu müəssisələrin məhsulları həm də ixracyönümlü olmaqla bölgənin iqtisadiyyatına öz müsbət təsirini göstərəcək. Bunlarla yanaşı, rayonda konserv zavodu, tikinti materialları müəssisəsi də istifadəyə verilib, hazırda elektrod zavodunun inşası davam edir və 2018-ci ildə başa çatdırılacaq".
İcra başçısının sözlərinə görə, ümumilikdə ötən il istifadəyə verilən müəssisələrdə 1 177 yeni iş yeri yaradılıb.
2017-ci ildə kənd təsərrüfatı sahəsinə 16,4 milyon manat investisiya cəlb edilib, sahibkarlar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan fermer təsərrüfatları və Qazax Aqroparkı yaradılıb. Rayon üzrə 18,7 min hektar sahədə kənd təsərrüfatı məhsulları əkilib. 2018-ci ildə əkin sahələrinin 20 min hektara çatdırılması qarşıya məqsəd qoyulub.
Rayonda kartof əkini 2017-ci ildə 3 dəfə artırılaraq 809 hektara çatdırılıb. Nəticədə rayon üzrə 22 min ton məhsul istehsal edilib.