Netflix, Meksikada film və televiziya istehsalına 1 milyard dollar sərmayə qoyacaq.
Azərbaycan Pakistana 2 milyard dollar sərmayə yatıracaq
FED.az xəbər verir ki, Netflix şirkəti növbəti dörd il ərzində Meksikada film və televiziya istehsalına 1 milyard dollar sərmayə yatıracaq. Bu barədə şirkətin həmtəsisçisi və icraçı direktoru Ted Sarandos cümə axşamı Meksika prezidenti Klaudiya Şeinbaum ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Mən məmnuniyyətlə elan edirəm ki, Netflix Meksikada serial və filmlər istehsal etmək üçün 1 milyard dollar sərmayə qoyacaq. Bu, audiovizual sənayenin inkişafına töhfə verəcək, ölkə boyu yeni iş yerləri və imkanlar yaradacaq", – deyə Sarandos vurğulayıb.
O, Netflix-in Meksika ilə əməkdaşlığının on il əvvəl "Club de Cuervos" adlı ilk beynəlxalq serialı ilə başladığını və bu müddət ərzində şirkətin ölkə iqtisadiyyatına böyük töhfələr verdiyini qeyd edib. Son istehsallardan biri olan "Pedro Paramo" filmi 375 milyon pesodan (təxminən 18,5 milyon dollar) çox məbləğlə Meksikanın ÜDM-ə töhfə verib.
Sarandos Netflix-in Meksikadakı fəaliyyətinin ölkənin audiovizual sənayesinin inkişafına müsbət təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bu sahə hər il Meksika iqtisadiyyatına 3 milyard dollar qazandırır və xərclənən hər dollar 1,6 dollar əlavə dəyər yaradır.
Netflix-in Meksikada 50-dən çox fərqli məkan və 25 ştatda çəkilişlər apardığını bildirən Sarandos, yeni sərmayənin bu əməkdaşlığı daha da dərinləşdirəcəyini qeyd edib.
Bundan əlavə, Netflix Meksikanın ən məşhur kino istehsal studiyalarından biri olan Churubusco Studios ilə əməkdaşlıq edəcək. Bu tərəfdaşlıq çərçivəsində studiyanın infrastrukturu gücləndiriləcək və əyləncə sənayesində müxtəlif istedadları dəstəkləyən proqramlara maliyyə ayrılacaq.