“2025-ci il perspektivində Azərbaycanda sərmayə qoymuş investorların daha da möhkəmlənməsi və yeni birbaşa xarici investisiyaların cəlb edilməsi təmin olunacaq”.
Bu barədə məlumat Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində yer alıb.
Sənəddə qeyd edilib ki, xüsusilə rəqabət üstünlüyü olan konkret investisiya layihələri maraqlı xarici sərmayədarlara təqdim olunacaq.
“Azərbaycanı qlobal dəyər zəncirlərinə inteqrasiya etmək imkanına malik mühüm investorların və ya eyni sektorda fəaliyyət göstərən şirkətlərə ciddi siqnal verən investorların cəlb olunması üçün xüsusi investisiya imtiyazları və təklifləri veriləcək. Mövcud və potensial investorlara göstərilən xidmətlər onlara inzibati prosesləri çevik başa çatdırmağa və tikinti firmaları, təchizatçılar və ya təhsil sektorundakı təşkilatlarla əlaqə qurmağa imkan verəcək. Xarici investorların yerli məhsul və xidmətlərə daha çox tələbatının yaradılması üçün mexanizmlər qurulacaq. Geniş çeşidli və əlverişli maliyyə xidmətləri təklif edən sabit və dərin maliyyə sistemi formalaşdırılacaq ki, bu da iqtisadiyyatın və ev təsərrüfatlarının müvafiq ehtiyaclarını ödəməklə iqtisadi inkişafa töhfə verəcək”, - deyə məlumatda vurğulanıb.