Prezident İlham Əliyevin investisiya təşviqi sənədinin verilməsi qaydasına dəyişiklik barədə fərman imzalayıb.
FED.az xatırladır ki, bu qayda İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir. İnvestisiya təşviqi sənədini alan sahibkarlar gömrük rüsumlarından və ƏDV-dən azad edilirlər.
Fərmana əsasən investisiyə təşviqi almaq üçün ərazilər yeni qayda ilə quplaşdırılıb. Bura sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya əraziləri, və müvafiq ərazilər aiddir.
Müvafiq ərazilər dedikdə - Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlar – nəzərdə tutulur.
Fərmana əsasən qaydalra edilən dəyişikliyə görə, investisiya təşviqi sənədi strateji investisiya layihələrinə də veriləcək.
Layihənin - strateji investismiya layihəsi sayılması üçün - yatırılan minimum məbləğ Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 (beş) milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 (üç) milyon manat müəyyən edilib.
Bundan başqa, digər şərt odur ki, investisiya layihəsi Azərbaycan Prezidentinin müəyyən etdiyi istiqamətlərə uyğun olmalıdır.
Digər layihələrə, məsələn sənaye zonaları, aqro parklar, turizm və rekreasiya zonaları, eləcə də müvafiq ərazilərdəki layihələrə gəlincə, onların investisiya təşviqi sənədi almas üçün tələb olunan investisiyalar 200 min manatla 1 milyon manat arasında dəyişir. Əksər sahələrdə bu məbləğ 300-500 min manat arasındadır.
Sənədə əsasən sənaye zonaları və aqro parklarda tələb olunan yatırım məbləği daha çoxdur, çünki bu ərazilərdə dövlət sahibkara infrastruktur şəraiti də yaradıb.
Qaydaya əsasən burada göstərilən meyarlara uyğun investisiya fəaliyyətini həyata keçirmək istəyən sahibkar Nazirliyə ərizə ilə müraciət edir.
Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:
Qaydada göstərilən meyarlara tam cavab verən investisiya layihəsi (biznes planı);
Minimum investisiya məbləğinin 10 faizinin müvafiq investisiya layihəsi üzrə investisiya kimi artıq qoyulduğunu təsdiq edən sənəd;
Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.
Yeri gəlmişkən, sahibkar, burada nəzərdə tutulmuş məbləğin 10 faizi müvafiq investisiya layihəsi üzrə investisiya kimi qoyulmamışdan əvvəl, öz investisiya layihəsinin bu Qaydada göstərilən meyarlara uyğunluğunun müəyyən edilməsi üçün Nazirliyə müraciət etmək hüququna malikdir. Nazirlik bu cür müraciətə 5 iş günü müddətində baxaraq cavablandırır.
Yeniliklərdən biri odur ki, investisiya təşviqi sənədi almaq istəyən sahibkarın vergi və digər dövlət borcları üzrə vaxtı keçmiş öhdəliyi olmamalıdır.
Nazirlik verdiyi investisiya təşviqi sənədi barədə məlumatı 3 gün ərzində Dövlət Gömrük Komitəsinə verir – çünki sahibkara güzəştləri Gömrük Komitəsi tətbiq edəcək.
Əgər məlum olsa ki, investisiya təşviqi sənədi verilmiş investisiya layihəsi bu Qaydada göstərilən meyarlar pozulmaqla həyata keçirilir, və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda, Nazirlik investisiya təşviqi sənədinin ləğvinə dair qərar qəbul edərək, bu barədə 3 gün ərzində sahibkara və Dövlət Gömrük Komitəsinə məlumat verir.