Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 8 investisiya şirkətinin 2018-ci ildə məcmu əməliyyat gəlirləri 10,053 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 39,2% çoxdur.
Hesabat ilində şirkətlərin məcmu əməliyyat xərcləri isə 43,2% artaraq 8,09 mln. manat olub. Onlardan 5-nin gəlirləri, 6-nın isə xərcləri artıb. 1 şirkət (“BTB Kapital İnvestisiya Şirkəti” ASC) bazara yeni daxil olduğu üçün gəlir və xərclərinin, eləcə də digər maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Eləcə də bax: “Azərbaycan fond bazarına beynəlxalq təşkilatlara məxsus istiqrazların çıxacağı gözlənilir” - MÜSAHİBƏ
Son nəticədə ötən ilin yekununda investisiya şirkətlərinin əməliyyat mənfəəti 1,963 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 24,5% çoxdur. 5 şirkət əməliyyat mənfəəti əldə edə bilib.
Hesabat dövründə şirkətlərin digər gəlirləri isə 799 min manat olub (bundan əvvəl 148 min manat digər xərclər olmuşdu).
Beləliklə, 2018-ci ildə investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 2,762 milyon manat təşkil edib ki, bu da 2017-ci ilə nisbətən 93,2% çoxdur. Ötən il şirkətlər əvvəlki illə müqayisədə 43,3% çox – 590 min manat mənfəət vergisi ödəyib. Bununla da, 2018-ci ildə investisiya şirkətlərinin məcmu xalis mənfəəti 2,172 milyon manat olub ki, bu da 2017-ci ilə nisbətən 2,1 dəfə çoxdur.
Maliyyə qurumlarından 6-sı ötən ili mənfəətlə, 2-si isə zərərlə başa vurub. 5 şirkətin mənfəəti artıb, 1 şirkətin ("Unicapital İnvestisiya Şirkəti" ASC) mənfəəti azalıb, 1 şirkətin ("Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC) isə zərəri azalıb.