Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 7 investisiya şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 75,587 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 89,4% və yaxud 2 dəfəyə yaxın çoxdur.
2017-ci ildə şirkətlərdən 4-ü aktivlərini artırıb, 3-ü isə azaldıb.
Hesabat ilində investisiya şirkətlərinin cəmi uzunmüddətli aktivləri 2% azalaraq 816 min manat, cəmi cari aktivləri isə 91,3% artaraq 74,771 mln. manat olub. 2 şirkət uzunmüddətli aktivlərini, 4 şirkət isə cari aktivlərini artıra bilib.
Ötən il investisiya şirkətlərinin cəmi öhdəlikləri 99,7% artaraq 69,952 mln. manat təşkil edib. Şirkətlərdən 5-də öhdəliklər artıb, 2-də isə azalıb. O cümlədən, maliyyə qurumlarının uzunmüddətli öhdəlikləri 9 dəfə artaraq 4,687 mln. manat, cari öhdəlikləri isə 89,1% artaraq 65,264 mln. manat olub. 1 şirkət uzunmüddətli öhdəliklərini, 5 şirkət isə cari öhdəliklərini artırıb.
Ötən il investisiya şirkətlərinin cəmi kapitalı 15,4% artaraq 5,636 mln. manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 4,75 mln. manat qalıb. Bazar iştirakçılarından 6-sı cəmi kapitalını artırıb, nizamnamə kapitalını isə təbii olaraq artırıb-azaldan olmayıb.