Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ilin 1-ci rübündə investisiya fəaliyyətinin nəticələri məlum olub.
Fonddan FED.az-a verilən məlumata görə, qurumun vəsaitlərinin həcmi, 2020-ci ilin 1-ci rübündə onların dinamikası və idarə edilməsi ilə bağlı son rəqəmlər açıqlanıb.
Rəqəmlərə əsasən NF ilə 41,35 milyard dollarla başlayıb. Yanvarda fondun ehtiyatları bir qədər də artaraq 44 milyardı keçib, sonra enmə başlayıb. Fevralın sonunda vəsaitlər 43,9 milyard dollara, martın sonunda isə 41,3 milyard dollara düşüb. Bahqa sözlə, ilin əvvəlindən indiyədək fondun vəsaitləri 1 973,8 milyon manat azalıb.
Hazırda fondun vəsaitləri 10-a yaxın valyutada saxlanılır. Əsas hissə ABŞ dolları və avrodadır, neft pullarının bir hissəsi hətta Koreya valyutasında saxlanılır. İlin əvvəlindən bəri dollarda saxlanan vəsaitlər 9,4% artıb, avrodan isə 8,5% azalıb. Rus rublu və Britaniya funtunda saxlanılan vəsaitlər də hərəyə 0,3% azalıb.
Fondda 10 milyon manatdan bir qədər artıq yerli valyuta da var.
Vəsaitlərin əsas hissəsi istiqrazlarda, qadan hissə isə hərəyə 12% olmaqla daşınmaz əmlak və qızılda, eləcə də səhmlərdə saxlanılır.
Koronavirusdan ən çox zərər çəkən hissə səhmlər və daşınmaz əmlak olub. Ötən ilin sonunda fondun vəsaitinin 6,1 milyard dolları səhmlərdə idi. İndi isə səhmlərdəki vəsait 5,1 milyard dollara enib. Pulların 81%-nin saxlanıldığı istiqraz və qızıl hissəsi daha «möhkəm»dir.
Fondun istiqrazlara yatırdığı vəsaitlərin 58%-i ən etibarlı sayılın AAA reytinqli, 12% AA reytinqli, 19,2% isə A reytinqli kağızlardadır. Amma Fondun Beynəlxalq Bank, SOCAR və Cənub Qaz Dəhlizi layihəsinə yatırdığı pullar bura aid deyil.
İstiqrazların 38%-ə qədər şissəsi 1 ilədək müddətə malikdir. 13%-ə qədər hissə 5 ildən artıq müddətə yerləşdirilib.
Fondun vəsaitlərinin coğrafi bölgüsündə hərəyə 33%-lə Asiya və Avropa liderdir. Pulların 27,2%-i ABŞ-ın, 1% Avstraliyanın payına düşür. İlin əvvəlindən ABŞ-a yatırılan vəsaitlər 3% artıb, Avstraliyanın payı 1% azalıb.