Azərbaycanda investisiya fəaliyyəti və investorlarla münasibətlər üzrə yeni qayda tətbiq ediləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu “İnvestisiya fəaliyyəti haqqında” qanuna ediləcək dəyişikliklərdə nəzərdə tutulur.
Bu yenilik fevralın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib - FƏRMAN
İclasda komitə sədri Azər Əmiraslanov “İnvestisiya fəaliyyəti haqqında” qanunda dəyişiklik layihəsinin, komitənin təşəbbüsü ilə hazırlandığını bildirib.
Komitə sədri qanun layihəsini zəruri edən məqamlardan, yəni belə dəyişikliyin nə üçün lazım olmasının səbəblərini də açıqlayıb.
O bildirib ki, milli təhlükəsizlik iqtisadi təhlükəsizliklə sıx bağlıdır, və yeni qanun layihəsi də Azərbaycanda iqtisadi təhlükəsizlik sahəsində mühüm tədbirlərin görülməsi üçün hüquqi əsasların yaradılmasına xidmət edəcək.
Azərbaycanın xarici investisiyaların cəlb olunmasında ciddi uğurlar əldə etdiyini deyən komitə sədri bunun ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi sayəsində mümkün olduğunu qeyd edib. Azər Əmiraslanov xatırladıb ki, son 20 ildə Azərbaycana 350 milyard dollar xarici investisiya cəlb edilib.
Komitə sədri qanun layihəsi barədə məlumat verərək bildirib ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla - dövlət ehtiyacları üçün və rekvizisiya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu Qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.
İndi təklif olunan dəyişiklik isə investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu, strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır.
Başqa sözlə, yeni qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycan Respublikasının milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır.
Belə hallar olanda investisiyaların alınması - ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər.
İclasda çıxış edən komitə üzvləri Aydın Hüseynov, Vüqar Bayramov, Ziyad Səmədzadə, Azər Badamov və Rövşən Muradov qanun layihəsinin əhəmiyyətindən danışıblar, qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitə üzvləri Tahir Mirkişili, Əli Məsimli, Zaur Şükürov, Məşhur Məmmədov, Müşfiq Cəfərov, Əlibala Məhərrəmzadə və digər rəsmi şəxslər iştirak ediblər.











