Amerika Mərkəzi Bankının (FED) bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq yeni faiz qərarı və yarım saat sonra baş tutacaq mətbuat konfransında veriləcək önəmli açıqlamalar öncəsi dollar indeksi bir ayın maksimumu ətrafında dalğalanmaqdadır.
Son açıqlanan qarışıq fundamental göstəricilər isə FED-in gələcək mövqeyinə dair proqnozları çətinləşdirib. Belə ki, ticarət dövriyyəsi yenidən kiçilsə, əmək bazarında risklər artsa da, digər tərəfdən sənaye sektorunda güclü inkişaf mövcuddur. Bütün bunlar iqtisadiyyatda inkişafın qeyri-bərabər paylandığının deməyə əsas verir ki, FED-in də açıqlamaları böyük ehtimalla bu istiqamətdə olacaqdır. Bu isə ümumi tendensiyanın müsbət qiymətləndirilməsinə əsas verir.
Beləliklə, EUR/USD və GBP/USD məzənnələri də təzyiq altında qalmaqdadır. USDTRY və USDRUB məzənnələri də bahalaşır.
FED-in mümkün açıqlamalarına dair ehtimallar əlvan metallar bazarlarında qızılın da qiymətinə təsir etməkdədir. Belə ki, 1854$-ın qırılması ilə 1825$-a kimi ucuzlaşmanın da şahidi ola bilərik.
Kriptovalyuta birjalarında isə bitkoin bahalaşmağa başlayıb. Bazara inamın və tələbin artması, BTCUSD qiymətinin 31000$-ın üzərində dəstək görərək, 41000$-a kimi dəyər qazanmasına səbəb olub. 39500$-ın üzərində qalan qiymət, 45000$-a kimi də bahalaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.