Prezident İlham Əliyev 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri və investisiya siyasətini təsdiqləyib.
Eləcə də bax: Neft Fondunun büdcəsi təsdiqləndi – 4,2 milyard kəsir – TAM MƏTN
FED.az xəbər verir ki, ölkənin ən böyük fondunun vəsaitlərindən istifadə ilə bağlı yanaşmaldar bəzit hallarda olduğu kimi, qalıb, bəzi məsələlərdə isə yeniliklər nəzərdə tutulub.
Beləliklə, dövlət başçısının imzaladığı sənədə əsasən, 2021-ci ildə Neft Fondunun investisiya portfelp 41,1 milyard dollar təşkil edəcək.
Sənədə əsasən Neft Fondunun investisiya portfelinin baza valyutası yenə də ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizi beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olmalıdır.
Bu şərt daxilində Fondun investisiya portfelinin məcmu dəyərinin. 65 faizi ABŞ dollarında, 20 faizi avroda, 5 faizi İngiltərə funt sterlinqində, qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Fondun investisiya alətlərinə gəlincə, burada yenilik var. Sənədə əsasən 2021-ci ildə fondun pullarının 50%-i borc öhdəlikləri (istiqrazlara) və pul bazarları alətlərinə, 25%-i səhmlərə, 10%-ə qədəri daşınmaz əmlaka, 15%-ə qədər isə qızıla yatırıla bilər. Başqa sözlə, 2021-ci ildə fondun vəsaitlərində qızıla yatırılmasına icazə verilən məbləğ artırılıb.
Budəfəki sənəddə fondun investisiya portfelinin hədəf gəlirliliyi ilə bağlı tələblər də dəyişib. Sənədə əsasən fondun borc öhdəlikləri və pul bazarları alətləri üzrə hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə ”ICE BofA Fixed Income Indices”, Səhmlər üzrə hədəf gəlirliliyi (bençmark) kimi isə “MSCI Stock Market Indexes” əsas götürülür.
Ötən il isə hədəfə gəlirliyi üçün bençmark kimi istiqrazlar üzrə üzrə 6 aylıq EURİBOR və LIBOR faiz dərəcəsi əsas götürülürdü. Səhm portfeli üzrə hədəf gəlirliyi üçün bençmark kimi ötən il də MSCI Stock Market Indexes əsas götürülmüşdü.
Fondun vəsaitlərinin idarə olunması zamanı likvidlik riski ilə bağlı tələblər ötənilki kimi qalır. Əsas tələblərdən biri odur ki, Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır.
Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Başqa sözlə, tələblərə əsasən Neft Fondu tələb olunarsa 100 milyon dolları dərhal pula çevirmək imkanına malik olmalıdır.