"2019-cu ildə Azəbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 34% artaraq, 704,6 milyon ABŞ dolları təşkil edib".
Eləcə də bax: “BP Azərbaycan” biznes əməliyyatları haqqında - Məlumat Yaydı
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının 4-cü iclasında, qurumun yerli həmsədrli, energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, 2020-ci ildə sözügedən göstərici pandemiyanın mənfi təsirləri ilə əlaqədar 35% azalsa da, 2021-ci ildə yenidən artım müşahidə olunur: "O cümlədən bu ilin I rübündə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 2,5 dəfə artaraq, 162,2 milyon dollara çatıb".
Nazir Azərbaycanla Böyük Britaniya arasında neft-qaz sahəsində 30 illik uğurlu əməkdaşlığın qlobal enerji sektorunun yeni çağırışlarına uyğun olaraq yeni inkişaf mərhələsinə daxil olduğunu deyib: “Birləşmiş Krallığın indiyə qədər Azərbaycan iqtisadiyyatına yatırdığı 30,6 milyard dollar investisiyanın 28,8 milyard dolları enerji sektorunun payına düşür. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” Milli Prioritetinin növbəti onillikdə reallaşdırılması, bərpa olunan enerji və yaşıl texnologiyaların inkişafını təşviq edən strateji qərar və irəli sürdüyü vəzifələrin həll edilməsi ölkələrimiz arasında enerji əməkdaşlığının şaxələnməsi üçün yeni imkanlar açır. İnteqrasiya edilmiş enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması, bərpa olunan enerji, enerji səmərəliliyi, liberal enerji bazarına keçid və elektrik şəbəkələri üzrə əməkdaşlığımız nəinki iki ölkə arasındakı münasibətlərə, həm də enerji keçidi prosesinə öz töhfəsini verəcək”. (Report)