Bu yazıda sizə “Keepface” və “Mediamark“ın yarandığı məkan – BBF (Baku Business Factory) haqda danışacam. Vaqif Abbasov‘la 2 ilə yaxın BBF rezidenti olduq. “Manads” olaraq gəlmişdik bura, daha sonra “Manads”ı “Keepface” və “Mediamark” əvəzlədi.
“Keepface” şirkətinin bir neçə gün öncə Dubayda 2 milyon dollar dəyənləndirilməsi və 300 min dollar investisiya almasında, “Mediamark”ın isə rebrendinq etməsi və fəaliyyətini genişləndirməsində məkan amilinin önəmi var ki, BBF bu baxımdan bizimçün dəyərlidir. Çünki məkan iş görmək üçün ən önəmli faktorlardan biridir. Doğrudur, hazırda Keepface-in də, Mediamark-ın da öz ofisləri var, amma ilk məkan olaraq BBF hər zaman xatirimizdə qalacaq.
Məlumatı olmayanlar üçün qeyd edim ki, Baku Business Factory 3 ilə yaxındır şəhərin mərkəzində fəaliyyət göstərən kovörkinq mərkəzidir. Digərlərindən fərqli olaraq BBF rezidentləri ödəniş etmir. Yəni, BBF-də oturmaq pulsuzdur. Bu, çox ciddi amildir. Xüsusən indi yeni ofisdə 4 rəqəmli kirayə ödəyən, əlavə olaraq xadiməyə, internetə, kommunal xidmətlərə, yemək-içməyə qədər bir çox məsələlərə pul xərcləyən biri olaraq BBF-in dəyərini indi daha yaxşı başa düşürəm :D
Yuxarıda sadaladıqlarımın hamısını BBF pulsuz təmin edir. Sahibkarlıq/yaradıcılıq fəaliyyətinə yeni başlayan birisi üçün BBF əla şansdır. İşləmək üçün yaradılan şəraitdən əlavə mütəmadi olaraq rezidentlər üçün seminarlar, təlimlər təşkil edilir. Rəqəmsal marketinqlə bağlı bir neçə seminarda və təlimdə mənim də təlimçi kimi çıxışlarım olub. Bundan başqa BBF-də ona yaxın SMM Təlimimiz olub, müxtəlif televiziya kanalları rəqəmsal marketinqlə bağlı reportaj hazırlamaq üçün BBF-ə gəlib, onlarla çəkilişlərimiz olub.
BBF-lə bağlı xatirələrimiz boldur, BBF hər zaman doğma məkan olaraq qalacaq. Bu mərkəzdən daha böyük, daha çox uğurlu şəxslərin və startapların çıxmasını arzulayıram.
@orkhanrza.com