Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən birbaşa xarici investisiyaların təşviqi istiqamətində yeni qanun layihəsi hazırlanır və artıq bitmə mərhələsindədir.
FED.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, eyni zamanda Beynəlxalq Maliyyə Korporasiyası (International Financial Cooperation – IFC) ilə birgə birbaşa xarici investisiyaların təşviqinə dair 2020-2025-ci illərin əhatə edən strategiya hazırlanıb və bu sənəd yaxın zamanda təqdim olunacaq.
"Burada prioritet sahələr çox önəmlidir. Söhbət alternativ energetika, logistika, nəqliyyat kimi bizim üçün olan çox önəmli sahələrdən gedir. Eyni zamanda, ənənəvi olan kimya sənayesi, qida sənayesi, kənd təsərrüfatı, yüngül sənaye və informasiya texnologiyaları kimi sahələrə xarici investisiyaların təşviqi çox önəmli yer tutur", - deyə Y. Abdullayev qeyd edib. (Apa)