2018-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7457,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz az vəsait yönəldilib. FED.az xəbğər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitə bildirir ki, investisiyalarda azalma neft sektorunda investisiyaların azalması ilə bağlı olmuş, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 19,0 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artmışdır.
Ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 71,1 faizi məhsul istehsalı obyektlərinin, 21,1 faizi xidmət sahələri üzrə obyektlərin, 7,8 faizi isə ümumi sahəsi 1097,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 56,6 faizini təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 faiz, bank kreditləri 13,7 faiz, büdcə vəsaitləri 24,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil etmişdir.
Komitə ilin ilk 7 ayında əsas investisiya yatırılan obyektləri və layihələri də açıqlayıb.
2018-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakı şəhərində Yüksəkgərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, “Dinamo” oteli, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında polipropilen zavodu, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Naftalan şəhərində Naftalan şəhər Mərkəzi Xəstəxanası, Goranboy rayonunda “Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, 110/35/10 kilovoltluq “Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, Xaçmaz rayonunda “Azərxalça” ASC-nin Xaçmaz filialı, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi, 922 şagird yerlik 3, Bakı və Şəki şəhərlərində, Abşeron, Balakən, Şamaxı rayonlarında 5816 şagird yerlik 5 ümumtəhsil məktəb binası və s. obyektlər istifadəyə verilmişdir.