Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 13 milyard 048,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 % çox investisiya yönəldilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7 % artıb.
İstifadə olunmuş investisiyanın 6 milyard 647,6 milyon manatı və ya 51 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 298,5 milyon manatı (32,9 %-i) xidmət sahələrinə, 2 milyard 102 milyon manatı (16,1 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 057,3 milyon manatını və ya 77,1 %-ni daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 280,2 milyon manatı və ya 78,8 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.