Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin nizamnaməsi təsdiq edilib.
FED.az xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
AİH Bakı şəhərində yerləşir.
Nizamnamə ilə AİH-in fəaliyyət istiqamətləri də müəyyənləşib.:
- müvafiq sahənin inkişafını təmin etmək;
- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, həmin siyasətin həyata keçirilməsini təmin etmək
- müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə dövlət müəssisələrində idarəetməni təşkil etmək;
- dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə resurslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək;
AİH-in vəzifələri və hüquqları da məlum olub.
Nizamnaməyə əsasən, AİH öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə prinsiplərini tətbiq edir. AİH-in idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. AİH-in Müşahidə Şurası AİH-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.
- Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
- Şura qərar qəbul etməkdə müstəqildir.
Şuranın vəzifələri də müəyyənləşib.
İdarə Heyəti 5 (beş) üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin sədrini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin üzvlərindən biri eyni zamanda AİH-in idarə edilməsinə məsul olan Baş icraçı direktordur. İdarə Heyətinin digər üzvlərini, o cümlədən Baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Şura vəzifəyə təyin və vəzifədən azad edir.
İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü və ya Şura çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
İdarə Heyətinin sədri və Baş icraçı direktor müvəqqəti olmadıqda, onların səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
AİH-in nizamnamə fondu 10 000 000 (on milyon) manatdır.
AİH-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, ilkin mərhələdə fəaliyyətinin təşkili və saxlanılması xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.
AİH öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
AİH qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra AİH-in, onun idarə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. AİH-in mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Müşahidə Şurasının qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
AİH-in məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri (dövlət müəssisələrinin ödəyəcəkləri haqqın məbləği istisna olmaqla) tənzimlənən qiymətlərə aid deyildir.
AİH-in ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.