İsveçrədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də dünyanın ən böyük şirkətlərindən biri, aktivlərin idarə olunması üzrə planetin ən byöük idarəçi şirkəti olan “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, prezidentə söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “BlackRock” arasında indiki əməkdaşlıq və gələcək imkanlar, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olunub.
Görüşdə dövlət başçısının Davosa səfəri çərçivəsində Dövlət Neft Fondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan “Global Infrastructure Partners” arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə də toxunulub. Bu sənəd Neft Fondu ilə “BlackRock” arasında indiki əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur.
Niyyət protokoluna əsasən, Neft Fondu “GIP” tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu etmək niyyətindədir.
Bundan başqa, əməkdaşlıq çərçivəsində Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarının dəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində “Global Infrastructure Partners”in əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda və ya ölkəmizlə əlaqəli infrastruktur aktivlərinə dair investisiya imkanlarının dəyərləndirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Niyyət protokolu Dövlət Neft Fondunun qlobal investisiya ekosistemində mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da genişləndirilməsinə imkan verəcək. Bundan başqa, yeni sənəd Azərbaycanın strateji əhəmiyyətli infrastruktur sahələrində uzunmüddətli investisiya imkanlarının formalaşdırılmasına töhfə verəcək.
Görüşün sonunda Azərbaycan Prezidentinin iştirakı ilə niyyət protokolunun mübadiləsi mərasimi oldu.
Xatırladaq ki, “BlackRock” - çoxmillətli investisiya şirkəti, dünyanın ən böyük aktivlər idarə edən şirkətidir. 12,5 trilyon dolları idarə edən şirkət dünyanın 40 ölkəsində investisiya əməliyyatları aparır. Baş ofisi Nyu-Yorkda yerləşən BlackRock-un 30 ölkədə 70 ofisi və 100 ölkədə müştəriləri var.
Şirkət 2023-cü ildə 17,8 milyard dollar, 2025-ci ildə isə 20,4 milyard dollar gəlir əldə edib. Xalis mənfəəti isə 2023-cü ildə 5,5 milyard dollar, 2024-cü ildə isə 6,4 milyard dollar olub. Hazırda şirkətin bütün dünyada 21 min nəfər əməkdaşı var.




![[red]Azərbaycan 12 trilyon dolları idarə edən «BlackRock» şirkəti ilə - SAZİŞ İMZALADI[/red] | FED.az](upload/news/small/3628074.jpg)
![[red]Azərbaycan 12 trilyon dolları idarə edən «BlackRock» şirkəti ilə - SAZİŞ İMZALADI[/red] | FED.az](upload/news/small/2537981.jpg)
![[red]Azərbaycan 12 trilyon dolları idarə edən «BlackRock» şirkəti ilə - SAZİŞ İMZALADI[/red] | FED.az](upload/news/small/2312834.jpg)
![[red]Azərbaycan 12 trilyon dolları idarə edən «BlackRock» şirkəti ilə - SAZİŞ İMZALADI[/red] | FED.az](upload/news/small/1663642.jpg)
![[red]Azərbaycan 12 trilyon dolları idarə edən «BlackRock» şirkəti ilə - SAZİŞ İMZALADI[/red] | FED.az](upload/news/small/77193.jpg)
![[red]Azərbaycan 12 trilyon dolları idarə edən «BlackRock» şirkəti ilə - SAZİŞ İMZALADI[/red] | FED.az](upload/news/small/3854913.jpg)






