Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanması avro, funt və yen kimi aparıcı valyutaların dollara nisbətən məzənnələrinə qarşı təzyiqləri artırmaqdadır. Bu gün isə Almaniyanın iqtisadi inkişafı və işsizlik səviyyəsi ilə bağlı önəmli statistik göstəricilər açıqlanacaqdır.
Texniki təhlillərə əsasən, EUR/USD 1.21 və GBP/USD 1.37$-ın altında qalarsa, ucuzlaşmaqda davam edəcəkləri proqnozlaşdırılır. USD/JPY məzənnəsi də 104.40 yenin üzərində möhkəmlənərsə, 105.12 yenə kimi dəyər qazana bilər.
Əlvan metallar bazarlarında da qızıl qiymətinin təzyiq altında olduğu müşahidə edilir. Qlobal iqtisadiyyat fonunda inkişaf proqnozlarının yaxşılaşması, baxmayaraq ki, peyvəndlərin tədarükündə problemlərlə bağlı xəbərlər yayımlanır, güvənli liman maliyyə aləti kimi qızıla olan tələbin azalmasına səbəb olur. Beləliklə, 1835$-ın qırılması ilə bir unsiya üzrə qiymət 1802$-a kimi dəyər itirə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.