Amerikanın əmək bazarına dair cümə günü açıqlanacaq fundamental göstəricilər fonunda proqnozların yaxşılaşması, dollara digər aparıcı valyutalarla müqayisədə tələb daha çox artıb. Bununla yanaşı, investorlar çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan dərc ediləcək inflyasiya göstəricilərini də böyük maraqla gözləyirlər.
EUR/USD və GBP/USD məzənnələri hazırda müvafiq olaraq 1.18 və 1.38$-ın altında ticarət edilirlər. Avroda ucuzlaşmanın 1.17, funtda isə 1.3570$-a kimi davam edəcəyi ehtimal edilir.
İnflyasiyaya dair son göstəricilərin zəif qalması və dolların bahalaşması, qızıla olan tələbi azaldıb. Burada təhlillərə əsasən bir unsiya üzrə qiymət 1700$-ı qırarsa, 1680$-a kimi də dəyər itirə bilər.
Kriptovalyuta birjalarında isə bitkoinin qiyməti dar dəhliz daxilində korreksiya etməkdədir. Maliyyə bazarlarında institutsional investorlar Amerikada faizlərin artması fonunda alternativ bazarlardan yüksək volatillik üzündən uzaq durmağa başlayıblar. "Tesla effekti" də azalmağa başlayıb.
Beləliklə, sonuncu dəfə 50347$-da dəstək görərək bahalaşan BTCUSD məzənnəsi üzrə dəhlizin yuxarı sərhədinin 65000$-a kimi genişləndirilməsi proqnozlaşdırılır. Sözügedən səviyyə də güclü müqavimət səviyyəsidir və buradan yenidən dəhlizin aşağı sərhədinə - 54000$-a kimi bitkoin ucuzlaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.