Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib.
FED.az xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanda Amerika Ticarət Palatasının(“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə videokonfrans formatında keçirilən görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer də iştirak edib.
Görüşdə nazir iştirakçılara Azərbaycanda aparılan islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və s. barədə ətraflı məlumat verib.
ABŞ Azərbaycanda ikinci ən böyük investordur
“AmCham Azərbaycan”ın səmərəli fəaliyyətini qeyd edən nazir bildirib ki, Azərbaycan ABŞ-la iqtisadi-ticarətəlaqələrinin inkişafında maraqlıdır və əməkdaşlığın genişləndirilməsi üçün mühüm addımlar atılır. Belə ki, hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı,tikinti, xidmət və digər sahələrdə 257ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi isə neft-qaz sektorunda 12,8 milyard ABŞ dolları olmaqla, ümumilikdə, 14 milyard dollara çatıb. Nəticədə ABŞ Azərbaycanda ikinci ən böyük investordur.
İnvestisiya barəsində yeni qanun hazırlanır
Xarici ölkələrin təcrübəsi, investisiya sahəsində müasir tendensiyalar və sərmayə sazişlərinin praktikası, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin rəyləri nəzərə alınmaqla “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran İqtisadiyyat naziri “AmCham Azərbaycan”ın da prosesə önəmli töhfə verdiyini qeyd edib.
Amerika şirkətləri bu sahələrə dəvət edildi
Postpandemiya dövrü üçün əsas hədəflərdən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsidir. Azərbaycanda tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı prioritet istiqamətlərdəndir. İqtisadiyyat naziri ABŞ şirkətlərini bu sahələrdə investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.
Dövlət-özəl mexanizmi dəyişəcək
Nazir bildirib ki, Azərbaycanda infrastruktur layihələri də daxil olmaqla bir sıra layihələr üzrə dövlət-özəl tərəfdaşlığı mexanizminin daha geniş tətbiqi nəzərdə tutulur ki, bu da investorlarla əlaqələri genişləndirmək üçün əlverişli imkanlar yaradır.
Azərbaycan öz iqtisadiyyatın rəqəmsallaşdırmaq istəyir
Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının hədəf kimi müəyyən edildiyini, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Bakıda yaradılmasının önəmini, rəqəmsal iqtisadiyyatın qurulması sahəsində ölkəmizin ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib.
ABŞ səfiri: Azərbaycan uğurlu iqtisadi siyasət aparır
ABŞ səfiri Li Litzenberqer Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini, ölkəmizin cəlbedici turizm resurslarını qeyd edib, pandemiya ilə mübarizədə və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. Görüşdə biznes dairələrini maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.