Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanının «Global Project Development» investisiya şirkəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. FED.az xatırladır ki, sənəddə «Global Projects Development Holding»in vasitəsilə ərəb ölkələrindən və beynəlxalq Azərbaycan şirkətlərinə sərmayə yatırılması nəzərdə tutulur.
Eləcə də bax: Xaricilər Azərbaycana pul qoyacaqmı? - PLANLAR AÇIQLANDI
Belə ki, xarici investisiya cəlb etmək və xarici ortaqlarla işləmək istəyən Azərbaycan şirkətləri öz biznes planlarını və ya layihələrini təqdim edəcəklər. AKS və sözügedən xarici şirkət bu layihələri təhlil edəcək, ən yaxşıları seçilib xarici investorlara təklif olunacaq.
Artıq Azərbaycanda ərəbləri ən çox maraqlandıran və onların sərmayə yatırmaq istədiyi sahələr məlum olub.
Eləcə də bax: Küveyt səfiri: «Bu qanun dəyişsə, Azərbaycana birinci özüm yatırım edərəm» - MÜSAHİBƏ
Konfederasiyadan FED.az-a verilən məlumata görə, bunlar sığorta, turizm, kənd təsərrüfatı və logistikadır. Ərəblər Azərbaycanda ilk növbədə turizmə vəsait yatırmaq istəyirlər: «Söhbət həm regionda turizmdən, həm də Bakıdakı turizm komplekslərindən gedir. Özü də ərəblər 5 ulduzlu deyil, məhz 3-4 ulduzlu otellərlə maraqlanırlar».
Bu məqsədlə Azərbaycan tərəfi turizm sektorunu araşdırıb, qarşı tərəfə bazarın təhlilini verməlidir. Eyni zamanda Azərbaycanın yerli sahibkarları və şirkətləri də xarici sərmayə cəlb etmək üçün öz təkliflərini verəcəklər: «Əgər layihə onlar (yəni investorlar) üçün maraqlı olarsa ola bilər 1 və ya 2-3 aydan bir bura gələrək konkret onları maraqlandıran layihələri təklif edən şirkətlərlə, sahibkarlarla, nümayəndələrlə görüşəcəklər».
Eləcə də bax: «Pulu olan soyuducu anbara yatırsın» - EKSPERT TƏQRİBİ GƏLİRLƏRİ AÇIQLADI
Ərəblər burada həm bütöv şirkət, həm də mövcud şirkətlərdən pay ala bilərlər: «Ola bilsin, hansısa şirkət bütövlükdə satsın. Bəzi yerli sahibkarlar ərəblərə öz bizneslərni bütövlükdə satmaqda maraqlıdır. Məsələn, bəziləri otel tikib indi satmaq istəyənlər var. Yəni belə təkliflər də var. Ərəblər isə sıfırdan başlamaq istəmirlər, onlar daha çox, hansısa bazası olan, yəni indi işləyən bizneslərlə maraqlanırlar. Böyük ehtimalla belə də edəcəklər».
Son illər Azərbaycanda turizmin inkişafı, xüsusilə elə ərəb turistlərinin ölkəyə axışması, yerli sahibkarlarla yanaşı, ərəb investorlarını da maraqlandırıb. Onlar öz həmyerlilərinin həvəslə getdiyi ölkədə turizm bznesinə yatırım etmək barədə düşünürlər: «Bilirsiniz ki, son vaxtlar ərəb turistlərin axını ilə bağlı görüblər ki, Azərbaycana böyük maraq var, bununla bağlı ilkin istiqamət olaraq turizmi götürüblər. Ona görə də bizdən ilk növbədə restoranlar, otellər, sığorta ilə bağlı məlumatlar istədilər»-deyə ASK-dan FED.az-a ildirilib.
Ərəb investorlarınvı Azərbaycanda maraqlandıran digər iki sahə kənd təsərrüfatı və logistikadır: «Amma bu sahələrə sonrakı mərhələdə yatırım ediləcək. Onlar bildirdilər ki, kənd yaşıl turizmi ilə bağlı 2-ci ya 3-cü mərhələdə danışacaqlar».
Ərəblər Azərbaycanın konkret bölgələri ilə də maraqlanıblar. Bunlar əsasən turizmin inkişaf etdiyi rayonlardır: «Onlar özləri Qəbələnin adını çəkdilər ki, elə bir yerlə əməkdaşlıq məsələsi ola bilər. Yəqin ki Quba, Qəbələ, Oğuz, Şəki kimi turizm potensialı olan yerlər olacaq. Xüsusilə Qəbələnin adı çəkildiyinə görə, böyük ehtimalla o zona olacaq. Onlar turistlərin o bölgəyə gətirilməsini də təşkil edə bilərlər. Sözsüz ki onlar daha çox maraqlı olacaqlar ki, daha çox turist gəlsin».
Qeyd edək ki, haqqında danışılan «Global Project Development» investisiya şirkəti holdinqdir və br sıra investorların, investisiya şirkətlərinin marağını təmsil edirlər: «Onlar araşdırma aparır, seçilən layihələri şirkətlərə (yəni ərəb şirkətlərinə) təklif edir, şirkətlər isə maliyyəni təmin edir». Fondun fəaliyyət istiqamətləri genişdir: «Energetika, vauçer fondları, qiymətli kağızların alınması, hansısa bir şirkətə payçı kimi daxil olunması, auksioner kapitalına daxil olması kimi istiqamətləri var. Sözsüz ki, bazara ilk dəfə kəşfiyyat formasına girməlidirlər, ilkin bir neçə praktikadan sonra fəaliyyətlərini daha da genişləndirəcəklər».
Ərəb investorlarının hər layihəyə yatırmaq istədiyi məbləğ də məlumdur: «Layihəən açılı olaraq yatıracaqları minimum sərmayə 1-5 milyon dollar arasında dəyişəcək. Tutaq ki oteldir, tikilib, yarımçıq qalıb, bura 1 milyon pul lazımdır, görsələr ki potensial var ora lap 5 milyon da yatırarlar. Bu minimal məbləğdir».
Ərəblərin Azərbaycanda yatırım etmək istədikləri – SAHƏLƏR VƏ RAYONLAR - AÇIQLANDI
16:00
25 İyun 2019