İndiyədək Azərbaycanda investisiya müsabiqələri vasitəsilə 125 müəssisə özəlləşdirilib, həmin müəssisələrə yatırılan ümumi investisiyaların həcmi 1,1 mlrd. manat təşkil edib.
Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov deyib.
“İnvestisiya müsabiqələri vasitəsilə yalnız orta və iri müəssisələr özəlləşdirilir. Özəlləşdirməyə başlanandan bütün dövr ərzində ölkədə investisiya müsabiqələri vasitəsilə 125 müəssisə özəlləşdirilib. Həmin müəssisələrə sərmayələr 1,1 mlrd. manat təşkil edib”, - K.Həsənov cümə günü Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasında çıxışı zamanı bildirib.
O, həmçinin məlumat verib ki, 1995-ci ildən etibarən Azərbaycanda 50 mindən çox obyekt və kiçik müəssisə özəlləşdirilib. O cümlədən, 1,6 mindən çox səhmdar cəmiyyəti yaradılıb, 300 min şəxs səhm sahibi olub.
K.Həsənov qeyd edib ki, son 2 il ərzində obyektlərin özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 200 mln. manat təşkil edib. “Son bir il ərzində isə 1,5 min obyekt özəlləşdirilib”, - o vurğualyıb.