“City Life” MMC tərəfindən söküntü işlərinin aparılması İsayev Tamerlan Telman oğluna məxsus olan Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 160 ünvanında yerləşən mülkiyyətə ciddi ziyan vurub.
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına Tamerlan İsayev məlumat verib.
Mülkiyyətçinin sözlərinə görə, “City Life” MMC onun mülkiyyətinə qəsd edərək, ona qarşı təzyiq göstərir: “Mülkiyyətə qəsd edilməsi faktı Müstəqil Ekspertiza Mərkəzinin təqdim etdiyi rəy ilə də təsdiq edilib. Həmin rəydə göstərilir ki, daşınmaz əmlakı və gediş-gəliş yolu "City Life" MMC tikinti şirkəti tərəfindən aparılan ərazinin söküntü-qazıntı işləri nəticəsində sökülüb. Evin kommunikasiya xətləri yararsız hala düşüb. Göstərilənlərə əsasən mübahisəli evin mövcud vəziyyəti üzrə yaşayış üçün təhlükəli olduğu müəyyən edilib. Mənzilin divarlarında çatlar əmələ gəlib, bu çatlar hər keçən gün daha da genişlənir. MTK isə mənzili qəzalı vəziyyətə salaraq, ehtiyatsızlıq nəticəsində onun çökməsi görüntüsünü yaratmağa çalışır. Bundan əlavə, MTK mənzilə gediş yolunu qazaraq keçilməz hala gətirib. Yolları daşlarla bağlayaraq, sakinlərin mənzillərinə gediş-gəlişini çətinləşdirib”.
T.İsayev deyir ki, ona məxsus mənzilin yuxarısında olan su boruları deşilib və nəticədə mənzil su altında qalıb:
“Bu, həm mülkiyyətə ciddi zərər vurub, həm də sağlamlıq baxımından təhlükəli vəziyyət yaradıb. Mənzilə gələn işıq, qaz və su xətləri də MTK tərəfindən qəsdən kəsilib. Bu, məni və ailə üzvlərimi normal yaşayış səviyyəsindən məhrum etməkdədir. Həmçinin, MTK tərəfindən gecə saatlarında ağır texnika mənzilin yaxınlığında işlədilir. Bu fəaliyyət gecə saatlarında qorxu və narahatlıq yaradaraq sakinlərin psixoloji vəziyyətinə mənfi təsir göstərir. Mən və ailəm gecə saatlarına qədər texnikanın mənzili vurub-dağıdacağından qorxaraq yatmadan növbə çəkirik”.
Qarşı tərəfin fikirlərini öyrənmək üçün FED.az biznes və maliyyə xəbərləri portalı olaraq "City Life” MMC-nin direktoru Rafael Mirzəyevlə əlaqə saxladıq. Rafael Mirzəyev saytımıza bildirdi ki, deyilənlər həqiqəti əks etdirmir:
“Yalan söhbətdir, hazırda araşdırmalar davam edir. Prokurorluğun, məhkəmənin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən baxışlar keçirilib və hazırda məhkəmə davam edir. Tamerlan bəyin evi də oradadır, heç bir ziyanlıq olmayıb və heç bir problem yoxdur”.
















