Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə əhalinin imtiyazı təbəqələrinə dövlət tərəfindən mənzillərin verilməsi üçün tikinti şirkətlərindən 500 mənzil alacaq. Bu barədə FED.az-a nazir Sahil Babayev bildirib. Onun sözlərinə görə, artıq nazirlik mənzillərin alınması ilə bağlı tender elan edib.
Qeyd edək ki, nazirlik bu məqsədlərlə ötən il 400-ə yaxın mənzil alıb və bu mənzillərin 1 kvadratmetrinin qiyməti 730-750 manat arasında olub (tam təmirli və mətbəx mebeli ilə birlikdə). Bu, hazırda Bakının əmlak bazarındakı qiymətlərdən xeyli aşağıdır.
Eləcə də bax: Nazirlik MTK-lardan mənzilləri neçəyə aldığını açıqladı – 1 KVADRATMETRİN QİYMƏTİ
Nazir bildirib ki, bu ilki mənzillərin də maksimum səmərəli qiymətə alınmasına çalışılacaq, amma bu il aşağı qiymətə mənzil tapmaq asan olmayacaq: «730-750 manata mənzil tapmağa çox böyük çətinlik çəkəciyik. Ötən il bu qiymətə nə qədər ev vardısa biz almışıq. Bu ildə tender elan etmişik, amma tenderdən öncə məbləğləri səsləndirmək olmaz deyə bu haqda məlumat verə bilmərəm. Təqdim olunan rəqəmləri araşdıracıyıq və imkan verməyəcək ki, qiymətlər baha olsun».
Mənzillərlə yanaşı, nazirliyin vəsaiti ilə 300 ədəd fərdi ev də tikiləcək. S.Babayev bildirib ki, fərdi evlərin tikintisi ilə bağlı qiymətqoymada Fövqəladə Hallar Nazirliyinin müvafiq orqanının məlumatları nəzərə alınır. Artıq fərdi evlərlə də bağlı tender elan edilib.
Nazir bildirib ki, mənzillər və fərdi evlərin tikintisi ilə bağlı əsas problem müddətlərlə bağlıdır: «Çünki tender toplusunun hazırlanması, elan edilməsi, qoşulan şirkətlərin xahişi ilə tenderin müddətinin uzadılması (demək olan ki, bütün tenderlərdə bu baş verir) tenderin 3-4 ay gecikməsinə səbəb olur.
Bundan başqa, tenderdə qalib gələn şirkət həmin mənzilləri təmir etməli, onları mebellə təmin etməlidir: «Çünki tender başlayanda həmin mənzillər təmirli olmur, şirkət tenderi udmalıdır ki, gedib mənzillərin təmirinə başlasın».
Nəticədə 700-800 ailəyə mənzillərin paylanması prosesi ilin sonunadək davam edir.
MKT-lara yaxşı xəbər – NAZİRLİK 500 MƏNZİL ALIR - QİYMƏT
13:24
16 Fev 2019