Əvvəlcədən xəbər verildiyi kimi, bu gün, sentyabrın 4-də Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satışla bağlı 4 dövlət qurumunun - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumatında bildirilir ki, satış prosesi tam təhlükəsiz, fasiləsiz və bərabər şəraitdə həyata keçirilib.
"Bugünkü satış bir daha sübut etdi ki, Azərbaycan elektron məkanda vətəndaşlara yönəlmiş keyfiyyətli, etibarlı və innovativ xidmətlərin təqdim olunması sahəsində qabaqcıl ölkələrdən biridir"-deyə məlumatda bildirilir.
Bununla yanaşı, əvvəlki mənzil atışlarından fərqli olaraq Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA satış prosesinin hansı müddətdə başa çatdığını açıqlamayıb. Xatırladaq ki, əvvəlki mənzil satışlarında satış prosesi bir neçə dəqiqəyə tamamlanırdı. Mənzil satışında tətbiq edilən bu üsul güzəştli mənzil kateqoriyasına aid olan və mənzil satışına qoşulan vətəndaşlardan yüksək texniki imkanlar tələb edir. Başqa sözlə, vətəndaşın mənzil almaq ehtimalı faktiki olaraq onun texniki vərdişləri və imkanlarından asılıdır.












