Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyası "Bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi. Layihələndirmə normaları"nı təsdiqləyib.
Bakıda bu ərazidə köhnə binalar söküləcək - KOMİSSİYALAR YARADILDI
FED.az xəbər verir ki, bununla bağlı kollegiyanın sədri Anar Quliyev qərar imzalayıb.
Qərara əsasən, bina və qurğunun hər hansı bir mərtəbəsinin yükdaşıyan konstruksiyalarını hesablayarkən yerli dağılma zonası hündürlüyü 75 m-ə qədər olan bina və qurğular üçün sahəsi 28 kvadrat metrdən (diametri 6 m), hündürlüyü 75 m-dən 200 m-ə qədər olan bina və qurğular üçün sahəsi 80 kvadrat metrdən (diametri 10 m) və hündürlüyü 200 m-dən çox olan bina və qurğular üçün sahəsi 100 kvadrat metrdən (diametri 11,5 m) kiçik olmayan dairə ilə müəyyən ediləcək.
Bundan başqa, bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi daha səmərəli vasitələrlə təmin edilməlidir:
- memarlıq-planlaşdırma həlləri işlənilərkən qəza nəticəsində yaranan təsirlərdən yerli dağılmanın yaranması mümkünlüyü nəzərə alınmalıdır;
- çoxmərtəbəli bina və qurğularda konstruksiyanın statik həll olunmamazlıq dərəcəsinin artırılması kimi konstruktiv tədbirlər tətbiq olunmalıdır (konstruksiyanın kəsilməzliyinin artırılması, oynaq birləşmələrinin azaldılması);
- konstruksiya elementlərində və onların birləşmələrində plastik deformasiyaların inkişafını təmin edən materiallar və konstruktiv həllər tətbiq olunmalıdır.
Həmçinin kərpic bina və qurğular üçün aşağıdakı əlavə konstruktiv tədbirlər nəzərdə tutulmalıdır:
- binanın perimetri üzrə hər mərtəbədə boşluqüstü atmanın üstü və mərtəbəarası örtüyün aşağısı arasında armaturlanmış divar kəməri qurulmalıdır. Əgər mərtəbəarası örtüyün aşağısı boşluqüstü atmanın üstü ilə eyni olarsa, onda atmalar monolit dəmir-betondan hazırlanmalı və xarici və ya daxili divarların bütün konturu boyunca qırılma olmadan antiseysmik tipli monolit dəmir-beton kəmər quraşdırılmalıdır. Hörgünün və monolit kəmərin armaturunun tələb olunan sahəsi hesablama ilə təyin olunmalıdır;
- daxili yükdaşıyan kərpic divarların və xarici yükdaşıyan divarların daxili qatının qalınlığı hesablama ilə, lakin 380 mm-dən az olmayaraq qəbul edilməlidir;
- sonuncu mərtəbə örtüyü ilə mərtəbəarası örtük disklərinin möhkəmliyini təmin edən sonuncu mərtəbə örtüyü və mərtəbəarası örtük plitələri arasında boyuna və eninə istiqamətlərdə rabitələr nəzərdə tutulmalıdır. Bu halda rabitələr hesablamalar nəticəsində AzDTN 2.17-1-in tələblərinə uyğun olaraq təyin olunan, lakin bu Normaların 8.3-cü bəndində göstərilənlərdən az olmayan qüvvəni qəbul edib layihələndirilməlidir;
- mərtəbəarası örtüklərdə gizli tirlərin qurulması və mərtəbəarası örtük tavalarında əlavə armaturların qoyulması nəzərdə tutulmalıdır.
Eləcə də, polad karkaslı bina və qurğular üçün aşağıdakı əlavə konstruktiv tədbirlər nəzərdə tutulmalıdır:
- polad konstruksiyaları layihələndirildikdə əlverişsiz amillər toplusunu aradan qaldırmaq üçün AzDTN 2.18-1-in tələbləri nəzərə alınmaqla konstruktiv elementlərin və onların düyünlərinin kövrək dağılmasının mümkünlüyü aradan qaldırılmalıdır;
- konstruktiv sistemin plastik işini təmin etmək üçün nisbi uzanması 20 %-dən az olmayan azkarbonlu və aşağılegirlənmiş poladlar tətbiq olunmalıdır;
- polad karkaslı konstruksiyanın getdikcə artan dağılmaya sərtliyini və dayanıqlılığını artırmaq üçün effektiv rabitə sistemləri nəzərdə tutulmalıdır. Rabitələr elə layihələndirilməlidir ki, yükdaşıyan elementlərdən birinin yerli dağılmasından sonra onların işi təmin olunsun və təsir edən qüvvə axınının yenidən paylanması ilə dağlmadan zəruri deformasiyaların inkişafı mümkün olsun.
Böyükaşırımlı bina və qurğular üçün aşağıdakı əlavə konstruktiv tədbirlər nəzərdə tutulmalıdır:
- yükdaşıyan konstruktiv elementlərdən birinin atılması və konstruktiv sistemin dağılma mümkünlüyü zonasının lokallaşdırılmasının təmini nəzərə alınmaqla, böyükaşırımlı binanın konstruktiv sistemini qurğuda qüvvələr axınını ötürə bilən alternativ yollarla layihələndirmək lazımdır;
- qurğunun üfüqi və şaquli yükdaşıyan konstruktiv elementlərinin, mümkün qəza təsirlərinin qəbulu və yenidən paylanmasını təmin etmək məqsədi ilə gücləndirilməsi nəzərdə tutulmalıdır;
- qurğunun getdikcə artan dağılmadan mühafizəsinin seçilməsi iqtisadi cəhətdən səmərəli konstruktiv həllərinin işlənib hazırlanması nəzərə alınmaqla yerinə yetirilməlidir.
Bu normalar nəqliyyat və hidrotexniki qurğuların layihələndirilməsinə şamil olunmayacaq.
Bu normalar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.










