Son illər Azərbaycanda sürətlə artan rəqəmsallaşma, yeni nəsil texnologiyaların inkişafı, iqtisadiyyatın və cəmiyyətin belə texnologiyalardan istifadə səviyyəsini artırıb.
Süni intellekt, 5G və rəqəmsal dünyada biznes imkanları – Bakıda «GSMA M360 Eurasia» konfransı
Bu yenilik üstünlüklərlə yanaşı, əmək bazarına da təsirini göstərib – Azərbayanda İTK mütəxəssislərə tələbat kəskin artıb və hazırda ölkədəki mütəxəssis sayı iqtisadiyyatın ehtiyaclarını ödəyə bilmir.
Azərbaycanda «ASAN Xidmət»in rəqəmsal variantı yarana bilər – YENİ TƏKLİF
FED.az xəbər verir ki, mayın 16-17-də Bakıda «Azercell»in baş sponsorluğu ilə keçirilən və yeni texnologiyalara həsr edilmiş «GSMA M360» beynəlxalq konfransında rəqəmsallaşma və yeni nəsil texnologiyalarla yanaşı, bu sahədə işçi qüvvəsinin hazırlanması da əsas mövzulardan oldu.
Azərbaycanda poçt məntəqələrində onlayn xidmətlər göstəriləcək - YENİLİK
Azərbaycanda İKT sektorunun işçi qüvvəsi ilə təmin edilməsi üçün görülən işlərlə bağlı FED.az-ın suallarını İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva cavablandırıb
- İnarə xanım, Bakıda keçirilən konfransda rəqəmsal inkişafın əhəmiyyəti ilə yanaşı, ən çox vurğulanan məsələlərdən biri də ölkədə bu sahədə kadrların hazırlanması oldu. İndi Azərbaycanda bu sahədə vəziyyət necədir?
- Hal-hazırda dünyada ümumiyyətlə, İKT mütəxəsislərlə bağlı ciddi qıtlıq var. Bu heç kimə sirr deyil və müxtəlif ölkələr müxtəlif vasitələrlə bu çatışmazlıqları bağlamağa çalışırlar. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq bizim ən ciddi prioritetlərimizdən biri insan resurslarının inkişaf etdirilməsidir.
- Bu barədə konfransdakı çıxışında nazir Rəşad Nəbiyev də bildirdi...
- Bəli, bizim bununla bağlı başladığımız «Technest» proqramımız var, Bu proqram İT sahəsində hazırlanan mütəxəssislərə təqaüd verilməsini nəzərdə tutur. 2022-ci ildə bu təqaüd proqramı üzrə 618 məzunumuz olub, bu il isə artıq 3015 nəfər tədrisə başlayıb.
- Siz bu şəxslər üçün kurslar təşkil edirsiniz?
- Bizim kurslarımız yoxdur, biz heç zaman öz kurslarımızı açmaq fikrində də deyilik. Biz bazarda olan kurslar və tədris müəssisələri ilə İT mütəxəssislərin hazırlanması sahəsində işləyirik.
Üstəlik Azərbaycana yeni tədris müəssisələri də gətiririk. Burada biz 70% dən 100%-dək təqaüd veririk. Bu, o deməkdir ki, individual bir insan dövlətin hesabına bazar ehtiyaclarına uyğun olaraq bizim seçdiyimiz ixtisaslar üzrə təhsil ala bilər.
- İnarə xanım, kurslar qarşısında tələblər qoyulurmu ki, sonra bu kursu bitirənlər hökmən işlə təmin olunmaldır? Məsələn, bununla bağlı Məşğulluq Agentliyinin maraqlı bir layihəsi var...
- Çox gözəl vurğuladınız, biz hal-hazırda elə Məşğulluq Agentliyi ilə birlikdə bu proqramı gücləndirməyi müzakirə edirik. Belə ki, əvvəla biz bütün tədris müəssisələri qarşısında bu tələbi qoymuşuq: tədris qurtarandan 6 ay müddətində ən azı 70% məzun işlə təmin olunmalıdır.
Daha sonra, biz regionlara gedirik, məhz regionlardakı məşğulluğu təmin etmək üzərində işləyirik. Çünki hazırda xatırlatdığım 3015 aktiv tələbədən cəmi 500-600 nəfəri regiondandır, yəni Azərbaycanın 12-13 regionundan. Bu isə o deməkdir ki, onların bəzilərinin kompüter avadanlıqları yoxdur və s. Biz bu məsələlərin həllini Məşğulluq Agentliyi ilə müzakirə edirik. Bizim üçün ideal variant odur ki, regionda yaşayan insan Bakıya gəlməsin, oradan işləsin. Çünki oradakı yerli iqtisadiyyata dəstək olsun.
- Yəni onlayn formada, məsələn, Bakıdakı işdə çalışaraq, qazandığı gəliri regionda xərcləsin, eləmi?
- Əlbəttə. Bunun üçün biz müəyyən təşviq məsələləri üzərində işləyirik ki, məşğulluğun köməyilə tədris ödənişi verilsin. Digər tərəfdən belə bir ideyamız var ki, təşviq edək - şirkətlərə müəyyən təşviqlər verək ki, məhz regiondan olan əməkdaşları işə götürməyə maraqlı olsun.
- Yəni regionlardan olan tələbələr üçün birgə maliyyələşmə proqramı tətbiq oluna bilər?
- Belə bir ideya var, bəli.
- İnarə xanım, kursların qarşısına tələb qoyulurmu ki, onlar hökmən regionlarda da təlimlər keçsinlər və regionlarda yaşayan gənclər də təlimə cəlb olunsun?
- Bəli, biz bildiririk ki, məsələn, Gəncədə, Sumqayıtda, və ya Şəkidə, Qubada və sair ərazilərdə bizə mütəxəssislər lazımdır. Bizim artıq 20-yə yaxın tərəfdaşlarımız var, onlardan hansına maraqlıdırsa, kursu və təlimi təşkil edirlər. Bunun üçün kurslar gedib rayonlarda təlimlər təşkil edirlər.
- Bu kurslar, tərəfdaşlar necə seçilir? Bununla bağlı tender elan edilir?
- Orada bir sıra tələblər var. Kurslar tərəfdaş olmaq üçün həmin tələblərə cavab verməlidirlər. Buraya müəllimllərin özünün portfoliosu, sertifikasiyası, eləcə də bu tədris müəssisəsinin indiyə qədər olan nəticələri, təcrübəsi və sair məsələlər nəzərə alınır.
- Bəs tədris edilən proqramlarla bağlı tələblər və sertifikatlar varmı, yəni təlimi bitirən tələbələrin biliyinin qiymətləndirilməsi necə baş verir?
- Əlbəttə ki, kurslar bizim tələbata görə tədris edilir. İxtisasa uyğun kurrikuluma baxırıq, hansında uyğundur, onu seçirik. Tələblərə görə, kurslar təlim keçən tələbələri 6 ay müddətində işlə təmin etməlidirlər. Əgər o, işlə təmin olunursa, deməli yaxşı tədris olunub. Eyni zamanda kursun keyfiyyətini izləmək üçün tələbələrin məmnuniyyəti və dərslərin özünün qiymətləndirilməsini aparırıq.
- Hazırda Azərbaycanda belə mütəxəssislərə olan tələbatın hansı hissəsi ödənilir?
- Ümumiyyətlə, beynəlxalq araşdırmalara görə, əmək qabiliyyətli insanların ən azı 3%-i texniki sahədə olmalıdır ki, ölkə müəyyən səviyyədə ehtiyaclarını ödəsin və inkişaf eləməyə başlasın. Bizdə hal-hazırda bu say 1% ətrafındadır. Amma işlər aparılır, dediyim kimi, «Technest» proqramı vasitəsilə bizdə faktiki 3000 nəfər bu dəqiqə tədris alır. Müqayisə üçün bildirim ki, Azərbaycanda universitetlərdə bir il ərzində məzun olanların sayı (texniki sahədə demək istəyirəm əlbəttə ki) da elə 3500 ətrafındadır.
Çalışırıq ki, kurslara cəlb olunanların sayı universitet məzunlarının sayına çatsın, söhbət qısamüddətli, 3 aydan 12 aya qədər olan kurslardan gedir.
Eyni zamanda, bildiyiniz kimi, Azərbaycanda İsrailin Technion Universiteti fəaliyyətə başlayıb. Bakıda kibertəhlükəsizlik mərkəzi açıb və burada kibertəhlükəsizlik təlimləri təşkil edilib və sırf Techionun müəllimləri tərəfindən 120 nəfərə təlim keçiriləcək. Hal-hazırda növbəti bir tədris müəssisəsinin Azərbaycana gətirilməsi barədə danışıqlar gedir.
- Bu hansı ölkənin məktəbi olacaq?
- Biz hələ ki, bir neçəsinə baxırıq və yanaşma da fərqli ola bilər, amma bu dəqiqə detallar bəlli deyil. Amma məqsəd odur ki, bu il ərzində azı bir universitet ilə razılaşma olsun ki, Azərbaycana gəlib fəaliyyətə başlasın. Eyni zamanda «Technion»la da əməkdaşlığı genişləndirmək istəyirik.
- İnarə xanım, qeyd etdiniz ki, Azərbaycanın öz universitetlərində hər il 3500-ə yaxın məzun buraxılışı olur. Ola bilərmi ki, bu sahəni təşviq etməklə, məsələn bu istiqamətlərə pulsuz qəbulu artırmaqla buraya daha çox tələbə cəlb edilsin?
- Məsələ budur ki, universitet təhsili vacibdir, amma ki, universitetlər daha konservativdir, onların dəyişməsinə daha çox vaxt lazım olur. Bizim indi əsas vəzifəmiz qısamüddətli kurslar təmin etməklə bazara müəyyən sayda mütəxəssis gətirməkdir. Onsuz da onlar bazara gənc mütəxəssislər kimi daxil olur və işi əsasən iş prosesində öyrənir. Əlbəttə, bu o demək deyil ki, bununla bizim bütün problemlərimiz həll olur. Amma ilk növbədə, qısamüddətli, daha sonra isə uzunmüddətlini həll eləmək üçün biz indi unversitetlərlə sənaye arasında əlaqəni qurmağa çalışırıq.
- İnarə xanım, sizin Agentlik Peşə Təhsili Agentliyi ilə əməkdaşlıq edirmi?
- Hələlik agentliklə işləməyə başlamamışıq. Çünki onsuz da tədris almaq istəyənlər çoxdur. Bu ilin ilk yarısında biz 1600 nəfərə tədris verməliyik və bu barədə elan etdikdə 12 min müraciət oldu. Belə vəziyyətdə əsas məsələ keyfiyyətli kursların cəlb edilməsidir, bunun özü bir çətinlikdir. Əgər siz məndən soruşsanız ki, büdcəni 3 dəfə artırsaq, 3 dəfə daha çox mütəxəssis yetişdirə bilərsənmi, bu mümkün deyil. Çünki müəllimlər, yaxşı mütəxəssislər çatışmır. Yaxşı mütəxəssis artıq özünə iş tapıb yüksək əməkhaqqı ilə işləyir. Həm öz işi olan, həm də «tədrislə də məşğul olum» deyən mütəxəssislər azdır.