Özü məktub yazan email sistemi, Hacıqabuldakı taxıl sahələri, BP-nin Mesika körfəzində neft hasilatı, müştəriləri sayan reklam qurğular, Formula-1 bolidləri, Koreyada tıxacsız hərəkət edən ambulans, 1 dollar sərmayəyə 3,5 dollar gəlir və ...qarşıdakı 5 ildə trilyon dollarlıq büdcələr...
FED.az xəbər verir ki, bütün bu mövzular mayın 16-da Bakıda təşkil edilən «GSMA M360 Eurasia 2023» beynəlxalq konfransında müzakirə edilirdi.
Açıqlıq, çeviklik və transformasiya: Gələcəyin İnfrastrukturu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı, Azercell şirkətinin baş sponsorluğu ilə keçirilən və iki gün davam edəcək «GSMA M360 Eurasia tədbiri» hələ çıxışlar başlanmazdan əvvəl ölkə tarixində hadisəyə çevrilmişdi - indiyədək Azərbaycanda qlobal texnologiyalar mövzusunda bu səviyyəli tədbir baş tutmayıb.
GSMA qlobal təşkilatının bu seriyadan olan tədbirlərinin siyahısına baxanda Bakının hansı «qrupa» düşdüyünü təsəvvür etmək olur – bu il 6 belə tədbirin keçirilməsi nəzərdə tutulub, Bakı ilə başlayan seriya daha sonra Meksika, London, Seul, Riyadda davam edəcək.
M360 seriyasının Bakıda keçirilən ilk tədbiri dünyada gündəmdə olan əsas məsələlər: yeni nəsil şəbəkələr, rəqəmsallaşma, süni intellektə həsr olunub.
İştirakçılar, təkcə Azərbaycan deyil, başqa ölkə və qurumların nümayəndələri də texnologiyanın sürətli artımını, onun müxtəlif sahələrə gətirdiyi faydaları və ortaya çıxan riskləri müzakirə edirlər.
«Formula 1» bolidinin üzərində 300 nöqtə
Tədbiri açan GSMA-nın Baş direktoru Mats Granryd sözünə bir neçə gün əvvəl Bakıda keçirilən «Formula 1» yarışı ilə başladı: «Bilirsiniz ki, bolidlərin üzərində 300 nöqtədən məlumat ötürülür və 90 dəqiqəlik yarışda 100 mindən artıq fərqli məlumat toplanır? Bu əlbəttə çoxdur, amma məlumatın alınması ilə iş bitmir, ona reaksiya vermək və idmançı, pilot, mühəndislər, ümumilikdə ekosistemin idarə edilməsi tələb olunur».
Qeyd edək ki, rəqəmsallaşma və süni intellekt qarşıdakı illərdə demək olar bütün sahələrə təsir edəcək, dünya iqtisadiyyatının tərkibini dəyişəcək, iqtisadi artımın bir hissəsi olacaq. Yaxın vaxtlarda bu sahəyə trilyon dollarla investisiya yatırılacağı və dəfələrlə artıq faydanın gələcəyi gözlənilir.
Amma bunun üçün geniş əhatə olmalıdır - GSMA nümayəndəsi bildirdi ki, bu gün bütün insanların rəqəmsal xidmətlərə çıxışı yoxdur və ayrı-ayrı regionlar arasında rəqəmsal uçurum var : «Son hesabatlar göstərir ki, Mərkəzi Asiyada 45 milyon nəfər bu xidmətdərdən istifadə etsə də, 40 milyon nəfər üçün bu hələ də əlçatan deyil, və biz bütün cəmiyyətin sürətli internetə çıxışını təmin etməliyik».
“Heç bir hökumət bu işi təkbaşına edə bilməz”
Tədbirdə hökuməti təmsil edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda rəqəmsal transformasiya sahəsində həyata keçirilən mühüm layihələr, rəqəmsal transformasiyanın uğurla reallaşdırılmasını təmin edən müxtəlif amillər barədə danışdı. Cənab nazir bildirdi ki, rəqəmsallaşmanı təmin etmək üçün ilk növbədə müvafiq infrastrukturun hazır olması, insanların rəqəmsal bilik və bacarıqlarının artırılması tələb olunur.
Rəşad Nəbiyev etiraf etdi ki, bu təkcə hökumətin işi deyil: «Təkcə bizim region deyil, bütün dünya bu çağırışlar ilə üzləşir. Heç bir hökumət bu işi təkbaşına edə bilməz, bunun üçün özəl sektor, siyasi qurumları, qeyri-hökumət təşkilatları və tənzimləyicilərin əməkdaşlıq etməsi zəruridir».
Cənab nazirin sözlərinə görə, hazırda ölkə əhalisinin 39%-nin geniş zolaqlı internet bağlantısı var: «Rəqəmsallaşma üzərində işləri davam etdirməliyik. İnternet sürətinin artırılması üzərində çalışırıq. 2024-cü ilin sonunda ölkənin bütün əhalisi və ev təsərrüfatları geniş zolaqlı internetlə təmin olunacaq».
Rəşad Nəbiyev bu sektorla bağlı əsas çağırışları da açıqladı – rəqəmsal vərdişlərin olmaması və kadrların hazırlanması: «Rəqəmsal transformasiya əmək bazarına, bu sahədəki şərtlərə təsir edəcək. Hesablama göstərir ki, 5 milyon insanın iş yerlərini dəyişməsinə ehtiyac yaranacaq və bu zaman rəqəmsal bacarıqların əhəmiyyəti ortaya çıxacaq. Biz bu sahədə bacarıqların artırılması ilə bağlı işlər aparırıq, «Texnofest» kimi tədbirlər həyata keçiririk».
Azərbaycanda 5G dövrü başlayır
Tədbirin əsas mövzularından olan yeni nəsil mobil şəbəkə - 5G şəbəkəsinin tətbiqinə gəlincə isə bu texnologiyanın tətbiqi imkanları hazırda bütün dünyada araşdırma səviyyəsindədir. Rəşad Nəbiyev Azərbaycanda 5G şəbəkəsinin sınaq rejimində ilk olaraq «Azercell» tərəfindən təqdim edildiyini də vurğuladı. «Azercell»in prezidenti Zərinə Zeynalova isə öz çıxışında bildirdi ki , yeni texnologiyalar ölkədə fərqli ekosistem yaradacaq: «Bu öz töhfələrini verməklə yanaşı, ciddi təhdid və risklər də yaradır. Biz mobil operator şirkəti olaraq təhlükəsiz rəqəmsal ekosistemin yaradılması öhdəliyini daşıyırıq».
5 milyon müştəri, bütün ölkəni əhatə edən şəbəkə
5G texnologiyasının tətbiqi «Azercell»in növbəti strateji hədəfi olacaq. Hələlik isə şirkət ölkə boyu 4G şəbəkəsini genişləndirir və modernləşdirir.
4G şəbəkəsinin tutumunu artıran şirkət , ötən ilin avqustundan etibarən 1600 baza stansiyasını təkmilləşdirməyə müvafiq olub. Zərinə Zeynalova azad edilmiş ərazilərdə də işlərin yüksək templə davam etdiyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasını rəhbər tutaraq, Azercell azad edilmiş əraziləri ən müasir rəqəmsal texnologiyalarla təchiz etməyə davam edir. İnanırıq ki, yeni nəsil texnologiyalar Qarabağda müasir sosial və biznes infrastrukturunun yaradılmasına, bu ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsinə töhfə verəcək. Biz artıq Qarabağda yüzdən çox baza stansiya qurmuşuq, onların sayını 190-dək artırmağı planlaşdırırıq».
«Təhlükəsizlik sahəsinə investisiyaları artırırıq»
5 milyon müştəri geniş əhatə ilə yanaşı, həm də 5 milyon şəxsi məlumat və onu qorumaq öhdəliyi deməkdir. «Azercell» bu məsələlərə ciddi resurs və vəsaitlər yatırır: «Biz təhlükəsizlik sahəsində investisiyaları artırırıq. Kiber təhdidlərin qarşısını almaq üçün sərt mübarizə aparırıq, eyni zamanda bağlantıların qorunmasında mobil operatorların üzərinə düşən öhdəlikləri görürük».
Bunu nəzərə alaraq şirkət ötən ilin yayından başlayaraq öz portfoliyasına yeni istiqamət daxil edib və bununla da müştəri məmnuniyyətini yüksəltməyə nail olub.
“5G şəbəkəsinin tətbiqi 2030-cü ilədək dünya iqtisadiyyatına 16 trilyon dollarlıq artım gətirəcək”
M360 tədbirinin birinci günündə müzakirə olunan əsas mövzulardan biri 5G və onun gətirəcəyi faydalar oldu. 5G şəbəkəsi həm texniki imkanlarına, həm də yaradacağı iqtisadi nəticələrə görə ciddi göstəricilərə malikdir. Belə ki, 4G-nin 5 il müddətinə nail olduğu imkanları 5G artıq 3 ilə qət edib. 5G-nin tətbiqi üçün ekosistem də yaradılır- məsələn bu şəbəkədə işləyən cihazların qiyməti azalır və hazırda 500 dollardan aşağıdır - bu da istifadəçilərin əhatə dairəsinin genişlənməsi deməkdir.
«Nokia»nun Türkiyə və mərkəzi Asiya üzrə vitse-prezidenti Demetrio Russo bildirir ki, 5G şəbəkəsinin tətbiqi 2025-ci ilədək 2 trilyon gəlir gətirəcək.
«BP-nin rəqəmsal əməliyyatlar üzrə nümayəndəsi Nizami Mansirovun sözlərinə görə isə, BP 5G şəbəkəsindən müxtəlif layihələrində, o cümlədən Meksika körfəzindəki neft hasilatı sistemlərində istifadə edir.
Nəhayət «PwC»nin partnyoru Kağan Karamanoğlunun təqdimatına görə, 5G sayəsində fərqli texnologiyalar, yeni tətbiq sahələri, məsələn rəqəmsal hərraclar və birjalar ortaya çıxaracaq. 5G şəbəkəsinin tətbiqi 2030-cü ilədək dünya iqtisadiyyatına 16 trilyon dollarlıq artım gətirəcək.
«GSMA M360 Eurasia 2023» beynəlxalq konfransı mayın 17-də də işini davam etdirir.