Azərbaycanın Peşəkar Futbol Liqasının (PFL) iştirakçısı olan klubların gəlirləri kəskin artıb.
FED.az xəbər verir ki, 2021-ci ildə ölkənin ən güclü 8 futbol klubunun gəlirləri 54,8 milyon manat təşkil edib. Bu 2020-ci illə müqayisədə 10 milyon manat və ya təqribən 25% artıqdır.
Azərbaycanda ən çox gəliri olan – FUTBOL KLUBLARI (PFL_2021) – SİYAHI
Azərbaycanda gəlirlərin artıb-azaldığı - FUTBOL KLUBLARI (PFL_2021) – SİYAHI
2021-ci ildə ən çox gəliri Ağdamın «Qarabağ» klubu əldə edib – 16,3 milyon manat. Gəlirlərin həcminə görə ikinci yeri «Neftçi» tutur – 13,7 milyon manat.
Ölkədə 2 klubun illik gəliri 2 milyon manat ətrafındadır, bunlar «Qəbələ» (2,6 milyon manat) və «Səbail» (1,9 milyon manat) klublarıdır.
«Şamaxı», «Zirə» və «Sumqayıt» klublarının gəlirləri 4-4,5 milyon manat arasındadır. «Sabah» klubu isə illik 7 milyondan artıq gəlir əldə edib.
Ümumilikdə bütün gəlirlərin 62%-i «Qarabağ» və «Neftçi» klublarının payına düşüb.
2020-ci illə müqayisədə 6 klubun gəlirləri artıb, 2 klubun gəlirləri azalıb. Ən sürətli artım «Sumqayıt» klubunda olub – 4,2 dəfə. «Neftçi»nin gəlirləri 47%, «Qarabağda» 30% artıb. Məbləğ ifadəsində ən çox gəliri artan klub «Neftçi» olub – artım 4,4 milyon manat. «Qarabağ»ın gəlirləri 3,7 milyon manat, «Sumqayıt»ın gəlirləri isə 3,4 milyon manat artıb.
«Səbail» və «Şamaxı» klubları isə gəlirləri azalanlar arasındadır, müvafiq olaraq 30% və 11%. Məbləğ ifadəsində «Səbail»in gəlirlərində 876 min manat, «Şamaxı»da isə 523 min manat azalma olub.