Şabran rayonunun Ağalıq kəndi yaxınlığında baş verən yanğın söndürülüb.
Eləcə də bax: Azərbaycanın regionlarında taxıl sahələrinin - SIĞORTA HAQLARI AÇIQLANDI – VİDEO
FED.az xəbər verir ki, iyulun 10-u axşam saatlarından başlayan yanğın nəticəsində ümumilkdə 40 hektar sahədə biçilmiş əkin sahəsi və 15 hektar sahədə kol-kos və ağaclar yanıb. Digər biçilmiş, habelə biçilməmiş əkin sahələri, sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin rəisi Ramin Vəlixanov bildirib ki, yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları və yerli kənd sakinləri iştirak edib. Yangının söndürülməsinə FHN-nin əlaqədar qurumlarının 140 nəfərə yaxın şəxsi heyəti və 10 texnikası cəlb olunub.
Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev yanğın zamanı heç kimin xəsarət almadığını söyləyib.
“Yanğın dünən təxminən saat 17:00-da başlayıb. Dərhal yanğın baş verən ərazidəki sakinlər təxliyə edilib və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilib. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulub və giriş-çıxış məhdudlaşdırılıb. Gəndob-Yalama yolu müvəqqəti bağlanıb. Avtomobillərin gediş-gəlişi alternativ yollar vasitəsilə həyata keçirilib. Bu gün səhərdən etibarən yol nəqliyyat vasitələri üçün açılıb”, - deyə İlkin Ağayev bildirib.
Yanğın söndürülsə də bəzi yanğın ocaqlarında tüstülənmə davam edir. Rayonda hazırda güclü külək əsməsi səbəbindən yanğının yenidən başlaması ehtimalı var. Buna görə də müvafiq dövlət qurumlarının əməkdaşları ərazidə xidmətini davam etdirir. (Azərtac)