Ötən gün Goranboy rayonunun Ağcakənd qəsəbəsinə yağan güclü yağışlar nəticəsində qəsəbəyə sel suları gəlib, Gorançayda suyun səviyyəsi həddindən artıq qalxıb.
Eləcə də bax:Goranboyda güclü yağış – KƏNDLƏRİ SU BASIB, MAŞINLARI APARIB - VİDEO
FED.az xəbər verir ki, bunu Goranboy Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Rafət Qurbanov deyib.
Onun sözlərinə görə, sel bir neçə fərdi yaşayış evinə ziyan vurub, eyni zamanda, küçələrə, qaz və elektrik xətlərinə ziyan dəyib.
İcra başçısının müavini bildirib ki, hazırda evlərə elektrik enerjisi verilsə də, qaz xətlərində problemlər var, Qaz istismar İdarəsinin qəza xidməti ərazidə çalışır və yaxın saatlarda bu məsələ həllini tapacaq.
Əraziyə ezam olunduqlarını diqqətə çatdıran Rafət Qurbanov vurğulayıb ki, qərargah yaradılıb, qərargaha Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub, eyni zamanda, FHN-in Aran Regional Mərkəzinin xilasediciləri, şəxsi heyəti selin fəsadlarını aradan qaldırır.
Rafət Qurbanov qeyd edib ki, hazırda dəymiş ziyanın müəyyən edilməsi üçün qeydiyyat aparılır, evlərə baxış keçirilir: “Nazirlər Kabineti səviyyəsində qiymətləndirmə işləri aparılacaq, qəsəbəyə nümayəndə heyəti dəvət olunacaq”.
İcra başçısının müavini xatırladıb ki, bu qəsəbə 2002-ci ildə inşa olunub: “Qəsəbənin inşası zamanı bəzi hallarda yerli şərait, relyef nəzərə alınmayıb. Əvvəllər sel kanalları olan ərazidə binalar inşa olunub. Yəqin ki, yaxın vaxtda bununla bağlı məsələ qaldırılacaq və bu ərazilərdə yenidən sel kanalları bərpa olunacaq”. (Apa)