Bu gün gündüz saatlarından başlayaraq respublikanın bir sıra ərazilərində hava şəraiti dəyişib, yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış xüsusilə intensiv xarakter alıb və müəyyən fəsadlar törədib.
FED.az xəbər verir ki, güclü yağış nəticəsində Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçib və bəzi əraziləri su basıb. Sel suları səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb. Belə ki, güclü sel bir neçə avtomobili aparıb. Eləcə də, su evlərə dolub.
FED.az APA-ya istinadən xəbər verir ki, sel-suları 20 yaxın fərdi yaşayış evinə, 20-ə yaxın mal-qaraya, 10-a yaxın iaşə obyektinə və Mingəçevir şəhər sakini Rzayev İlham Zülfü oğluna məxsus “Mercedes” markalı avtomiblə ziyan vurub.
Hazırda göstərilən ərazidə selin fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.