Türkiyənin Malatya şəhərində yaşayan 4 azərbaycanlı tələbənin yaşadığı binanın dağıntıları altında axtarışları davam edir.
“Azərbaycanlı tələbələrin olduğu binada sağ insan qalmayıb” - VİDEO
FED.az xəbər verir ki, dağılan binanın altında qalan tələbələrin qohumları bu gün əraziyə dəvət olunub. Qeyd olunub ki, bu hal adətən dağıntılar altından çıxarılan şəxslərin nəşlərinin kimliyini müəyyən etmək üçün baş verir.
Türkiyəyə ezam olunan müxbir bildirib ki, bu gün tələbələrin yaşadığı evdən tapılan bayraqlar asılı vəziyyətdə olub və onların üzərində heç bir toz, çirklənmə olmayıb:
“Bayraqların tapıldığı məkanda bir meyit də aşkarlanıb. Bundan sonra həmin əraziyə heç kim buraxılmadı və o evdə yaşamış şəxslərin, yəni tələbələrin yaxınları dəvət olundu ki, nəşin kimliyi müəyyən olunsun. Tələbələrin hər birinin valideyni gəldi və nəşin onların yaxınlarının olmadığını bildirdilər. Daha sonra buraya həmin bu binada yaşamış digər yerli sakinlərin yaxınları da dəvət olundu. Onlardan da nəşi təsbit edən olmadı.
Daha öncə aldığımız məlumata görə, hadisə baş verən gecə tələbələrin dostu da onlarla birlikdə olub. Cənazə xəstəxanaya aparılıb. Ekspertizadan sonra nəşin kimə məxsus olduğu dəqiqləşəcək. Hazırda da oradan bir meyit çıxarılır. Mütəxəssislərin verdiyi məlumata görə, orada 8, yaxınlığında isə daha 3 insan var. Lakin onların sağ, yoxsa artıq ölü olduğu ilə bağlı dəqiq məlumat verilmir. Bizə sadəcə gözləmək qalıb”.