Azərbaycan tarixində baş verən ən güclü təkanlar
FED.az bildirir ki, Azərbaycan tarixində zəlzələlərin yaşı V əsrdən hesablanır. İlk zəlzələ 427-ci ildə Gəncədə baş verib. Seysmoloji Mərkəz də Azərbaycan tarixində baş verən zəlzələlərin xəritəsini çəkərkən 427-ci ildən 2010-cu ilə qədər baş verən güclü təkanları nəzərə alıb. Ən güclü təkanlar isə Gəncə, Şamaxı və Xəzər adalarında baş verib.
Şərurlu İsfəndiyar: “Azərbaycandakı binalar Türkiyədəkindən çox keyfiyyətlidir”
Azərbaycan tarixində ilk zəlzələ yuxarıda dediyimiz kimi 427-ci ildə baş verib. Bu ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub. Azərbaycanın seysmoloji tarixinin əsası da bu ildən başlanır.
Azərbaycanlıların Türkiyədəki evləri - Son illər Türkiyədə - 9 MİN MƏNZİL ALINIB
Məşhur 1139-cu il zəlzələsi haqqında isə eşitməyən yəqin ki, yoxdur. Çünki bu zəlzələ nəticəsində əsrarəngiz təbiət incisi olan Göygöl yaranıb. 1139-cu il sentyabrın 30-da Gəncədən 50 km cənubda yenidən dəhşətli zəlzələ baş verib.
9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.
Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.
1235-ci il Gəncə tarixinin bəlkə də ən sarsıdıcı ili kimi tarixə düşür. Ondan 4 il əvvəl, 1231-ci ildə Xarəzmşah Cəlaləddinin Gəncəyə yürüşü nəticəsində şəhər çox böyük dağıntılara məruz qalır. Gəncəyə iqtisadi baxımdan böyük ziyan dəyir. 1235-ci ildə isə monqollar Azərbaycana üçüncü dəfə yürüş edir və ən sarsıdıcı zərbəni də mərkəzi şəhər olan Gəncəyə vururlar.
Məhz bu ildə Gəncədə baş verən zəlzələ şəhərin bütün iqtisadi potensialını məhz edir və insan resursuna ağır zərbə vurur. Onsuz da ağır yadelli hücumlarından təngə gələn şəhərin 50 minə yaxın əhalisi də bu zəlzələ nəticəsində dünyasını dəyişir.
Şamaxı zəlzələləri: Ən güclü zəlzələlər - 1667, 1669, 1671-ci illərdə ard-arda baş verən bu zəlzələlər Azərbaycan tarixində ən güclü təkanlardan sayılır. Bu üç zəlzələdə 100 mindən artıq insan həlak olub. 1667-ci ildə Şamaxıda baş verən zəlzələ isə 10 bala yaxın idi.
Bu zəlzələlərin ən pis cəhəti o idi ki, onlar həm də çox ciddi ekoloji böhran yaratdılar.
Zəlzələlər ekologiyaya ağır zərbə vuraraq, bir andaca Şamaxının xarabalığa çevrilməsinə, yaşıllıqların yerində uçurumlara səbəb oldu. 1669-cu ildə baş verən zəlzələ nəticəsində minlərlə ev dağıldı, 7 min nəfər insan bu dəhşətli fəlakətin qurbanı oldu, yüzlərlə bulaq qurudu, meşələr isə yerin altına getdi. Yaşıllıqlar vadisi adlanan Şamaxı ekoloji baxımdan insan yaşaması mümkün olmayan bir xarabalığa çevrildi.
1859-ci il Şamaxı zəlzələsi – o zaman Qafqazın ən böyük quberniyalarından biri sayılan Şamaxıda baş verən zəlzələ Şamaxının əsas şəhər imicinə birdəfəlik kölgə saldı.
Məhz o ildən sonra quberniyanın əsas şəhəri Bakı oldu. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürüldü. Zəlzələ nəticəsində bir sıra tarixi tikililər məhz oldu. Onlardan biri də məşhur Şamaxı cümə məscididir. Seyid Əzim Şirvaninin də 1859-cu ildə baş verən zəlzələlər haqqında həcvi var.
1860-cı ildə Şamaxıda tədqiqatlar aparan alman geoloqu və professoru German Abix Şamaxıda daha bir güclü və dağıdıcı zəlzələnin baş verə biləcəyi proqnozunu vermişdi. Buna baxmayaraq imperiya rəhbərli bu xəbərdarlıqları qulaqardına vuraraq Şamaxı şəhərində tikinti işlərini genişləndirərək burada əhalinin sayının artmasına şərait yaradırdı. 1902-ci il zəlzələsi baş verən ana qədər şəhərdə 22 min sakin yaşayırdı.
1902-ci il Şamaxı zəlzələsi - Bu zəlzələ Azərbaycan tarixinin ən güclü, ən dəhşətli zəlzələsi hesab olunur. 1902-ci il yanvar ayının 31-də gündüz saat 12 radələrində, baş vermiş zəlzələ nəticəsində şəhər tamamilə dağıldı. Təsadüfi deyil ki, o zamanın bir sıra mətbuat nümunələri bu təbii fəlakəti "Qiyamət günü" ilə müqayisə edərək onun dəhşətləri barədə məlumatlar dərc ediblər.
Məlumatlara görə, 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, iki kəlisa, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub. Şəhərdə zəlzələ sonrası böyük panika yaşanıb, əhali qorxu içərisində qaçışmağa başlayıb.
Zəlzələ nəticəsində şəhərdəki 5 min evdən 4 mini tamamilə dağılıb, Şamaxı uezdində yerləşən 126 kənddə 3 mindən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı.
Zəlzələdən sonra hökumət rəsmiləri əhaliyə yardım etmək üçün əraziyə gəlib. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan "Niva" adlı dərginin 97-ci sayında rəsmən öz təsdiqini tapıb. Hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanmaqdadır.
Şamaxı zəlzələsinin, onun səbəblərinin və nəticələrin öyrənilməsi artıq 1902-ci ildə başlandı. Birinci hadisə yerinə Qafqaz dağlıq idarəsinin tapşırığı üzrə mədən mühəndisi Şahqulu Mirzə gəldi. Onun apardığı araşdırmaların nəticələrinə əsasən Şamaxı zəlzələsinə aid ilk yazılar 1902-ci ildə nəşr olundu, 1903-cü ildə zəlzələ haqqında yazılan kitab işıq üzü gördü.
Artıq 1902-ci ilin fevralında alimlər zəlzələ nəticəsində baş verən böyük dağıntıların və qurbanların iki səbəbi təyin etdilər. Birinci səbəb Şamaxının çox hissəsinin zəif qruntlar üzərində, yəni yumşaq, su ilə təmin edilmiş torpaqlarda yerləşməsi idi. İkinci səbəb şəhərdəki tikinti işlərinin pis aparılmasından ibarət idi. Əhali zəif gil məhlulundan hazırlanmış yerli daşdan evlər tikirdi, evlərin damı ağır və yastı olurdu. Onlar şəhərin digər hissəsində tikilmiş taxta evlərlə müqayisədə daha asan dağılırdılar. (Sonxəbər.az)