Azərbaycanın 2025-ciilin ilk 10 ayı üzrə xarici ticarət göstəriciləri açıqlanıb.
FED.az biznees və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon dollarlıq ticarət əməliyyatları aparıb.
Azərbaycanın neft ixracı - 2 MİLYARD DOLLAR AZALIB
Bu dövrdə ölkədən xaricə 21 milyard 637 milyon dollarlıq ixrac olub. Xaricdən Azərbaycana isə 19 milyard 225 milyon dollarlıq mallar idxal edilib. İlk 10 ayın yekununda xarici ticarətdə müsbət saldo 2 milyard 411 milyon dollar təşkil edib.
Azərbaycanın qaz ixracı azalıb - GƏLİRLƏRİ ARTIB
2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac 1,1 milyard dollar və ya təqribən 5% azalıb.
Əvəzində idxal kəskin artıb – 2024-cü ilin eyni dövrünə nisbətən idxal olunan malların dəyəri 2,6 milyard dollar və ya 15,6% artıb.
Nəticədə ötən ilin eyni dövründə xarici ticarətdə olan 6,1 milyard dollarqı müsbət saldo (ixrac və idxal əməliyyatları arasındakı fərq – FED.az) bu il 2,4 milyard dollara enib.
Ötən il ölkənin bütün xarici ticarətinin təqribən 58%-i ixracın payına düşürdüsə, bu il həmin göstərici 52%-ə enib.
İxracın azalmasının əsas səbəbi neft satışının aşağı düşməsidir.
Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk 10 ayında Azərbaycan xaricə ümumi dəyəri 10 milyard 850 milyon dollar olan 20 milyon 755 min ton neft satıb.
2024-cü ilin eyni dövrü ilə müqayisədə neftin ixracı miqdar ifadəsində 183 min ton, yəni cəmi 0,9% artıb, amma dəyər ifadəsində 1 milyard 913 milyon dollar və ya 15% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 12 milyard 763 milyon dollar dəyərində 20 milyon 572 min ton xam neft ixrac olunmuşdu.
Azalmanın əsas səbəbi xaricə satılan neftin qiymətinin ucuzlaşmasıdır. Belə ki, 2024-cü ilin idlk 10 ayında neftin hər tonu xaricə 620 dollara satılmışdı (təxminən 1 bareli 81,5 dollara).
2025-ci ilin ilk 10 ayında isə Azərbaycan neftinin hər tonu xaricə 523 dollara satılıb (təxminən 1 bareli 68,7 dollara).
Bu il 10 ayında ümumi ixracın 50,14%-ı xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 56,12% olub.












